"Dağlıq Qarabağın taleyi Ermənistanın da başına gələ bilər" Qaqik Sarukyan
“Çiçəklənən Ermənistan” müxalifət partiyasının lideri Qaqik Sarukyan hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə, bütövlükdə ölkə, yəni Ermənistan Dağlıq Qarabağın taleyini yaşayacaq. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu müxalifət partiyasının lideri Ermənistan telekanallarına verdiyi müsahibəsində söyləyib.
“Bu günlərdə vəziyyət çətin, təhlükəlidir və biz uçurumdayıq. Beş-altı ay bundan əvvəl mən Dağlıq Qarabağın uçurumun kənarında olduğunu söylədim və Ermənistan haqqında da eyni şeyi söyləyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır, hökumət mütləq getməlidir”, deyə Sarukyan bəyan edib.
Onun sözlərinə görə, ölkəni bu çətin iqtisadi və siyasi böhrandan tam şəkildə çıxara biləcək və eyni zamanda danışıqlar apara biləcək birinə ehtiyac var. Əks təqdirdə, Ermənistan Qarabağın taleyi ilə qarşılaşacaq. Sarukyan əmindir ki, müharibədə ölənlərə görə matəm əhval-ruhiyyəsi olmasaydı, müxalifətin mitinqinə 15 min deyil, 150 min adam qatılacaqdı. O, əlavə edib ki, insanlar yas içindədirlər və onlar yalnız oğullarına, ərlərinə, qardaşlarına deyil, həm də itirilmiş torpaqlara görə də yas tuturlar və ən yaxın zamanda, onlar da mitinqlərə qatılacaqlar.
Sarukyan bu vəziyyətin əsas səbəbinin səriştəli kadr çatışmazlığı olduğu qənaətindədir. Gənc və təcrübəsiz insanlardan ibarət bütün hökumətin bir neçə ay əvvəl belə dəyişdirilməli olduğuna əminliyini ifadə edir. O, düşünür ki, belə olsaydı ümumiyyətlə müharibə olmazdı. Sarukyan onu da əlavə edib ki, mövcud hakimiyyət orqanları həm Rusiya ilə, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə səlahiyyətli, normal, düşünülmüş danışıqlar apara bilsəydi, Qarabağ münaqişəsində fərqli bir nəticə əldə etmiş olardı.
Xatırladaq ki, bir qədər əvvəl Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən 16 müxalifət qüvvəsi keçid hökuməti qurmaq niyyətində olduqlarını elan edib və müstəqil Ermənistanın ilk baş naziri, İctimai Şuranın keçmiş rəhbəri Vazgen Manukyanı vahid namizəd olaraq irəli sürüb. Qeyd edək ki, 10 noyabrdan bəri İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları müxalifət partiyaları "Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır. Zaman zaman aktivistlər ayrı-ayrı küçələri bağlayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB