"Prezidentin BMT-dəki çıxışı bütün dünya ictimaiyyətinə mesajdır" Qənirə Paşayeva

“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında həmişə olduğu kimi, bəşəri və milli mövqeni universal şəkildə uzlaşdırmağa müvəffəq oldu. Prezident İlham Əliyevin BMT-nin yubiley tədbirində çıxışı, qaldırdığı məsələlər, dəqiq qiymətləndirmələr və çağırışlar yalnız Azərbaycan vətəndaşlarına deyil, bütün dünya ictimaiyyətinə, tərəqqipərvər insanlara mesajdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı çıxışında birmənalı olaraq bəyan etdi ki, Azərbaycan 75 yaşını qeyd edən BMT-dən statusuna, mandat-missiyasına, tərəqqipərvər bəşəriyyətin ehtiyaclarına uyğun müdrik və qətiyyətli qərarlar gözləyir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri hələ də yerinə yetirilməyib.

Q.Paşayeva diqqətə çatdırıb ki, dövlətimizin, xalqımızın maraqları həmişə humanizm, birgəyaşayış, beynəlxalq hüququn normalarına hörmət ruhunda olub. Paytaxt Bakı ən azı son iki onillik ərzində sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanına çevrilib. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan özünəməxsus mədəni irsə malik olan ölkədir.

“Biz zaman-zaman yeni sivilizasiya dalğaları ilə “görüşsək” də, heç vaxt bizdən əvvəlki elmi nailiyyətlərin, dini, mədəni və mənəvi dəyərlərin məhv olmasına yol verməmişik, əksinə, onları qoruyub saxlayaraq inkişaf etdirmiş və yeni intibah üçün gücümüzün yetdiyi qədər zəmin yaratmışıq. İndi bizim torpaqlarımıza göz dikənlər, Qarabağda “ikinci erməni dövləti” yaratmağa çalışanlar məhz bizim qonaqpərvərliyimiz, tolerantlığımız, xeyirxahlığımız sayəsində tarixin sərt döngələrində yox olmaqdan qurtulub, bizim hesabımıza “dövlət” olub, bizim hesabımıza ayaqda dura biliblər. Biz xalq, dövlət, mədəniyyət və ölkə miqyasında heç vaxt müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni birliyinə qarşı çıxmamışıq. Tam əksinə, özümüz zaman-zaman belə münasibətsizliklərdən itkilərə məruz qalmışıq. Nəinki uzaq keçmişdə, XX əsrin sonu - XXI əsrin əvvəllərində, eləcə də bu gün anti-bəşəri, qeyri-humanist davranışlarla üz-üzə qalmaqdayıq. Məhz həmin BMT-nin üzvü olan Ermənistan təşkilatın digər üzvü Azərbaycanın torpaqlarını işğalından əl çəkmir, bu beynəlxalq qurumun qərarlarına məhəl qoymur”, - deyə deputat bildirib.

BMT-də islahatlar aparılmasının vacibliyini vurğulayan Q.Paşayeva qeyd edib ki, qurumun Baş Assambleyasının canlandırılması, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verməsi üçün səylər göstərməsi lazımdır. İslahatlar BMT-nin qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsinə də gətirib çıxarmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...