"Koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür" ŞƏRH-ÖZƏL

"Təəssüf ki, koronavirus dünyada sahibkarlıq subyektlərinə və iqtisadi strukturlara da ciddi təsir göstərir. Karantinlər, sərhədlərin bağlanması, fövqəladə vəziyyətlər və sosial izolyasiyalar iqtisadiyyatın geriləməsinə səbəb olur. Bu baxımdan koronavirusun Azərbaycanda insanlar arasında kütləvi şəkildə yayılmaması üçün ölkəmizdə də sosial izolyasiya tədbirləri görülür, lazımi bəzi məhdudlaşdırıcı addımlar atılır. Amma iqtisadiyyat da ciddi şəkildə tənzimlənib nəzarətdə saxlanılır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, pandemiya ilə eyni anda neftin qiymətinin düşməsi isə ciddi sosial həyəcan yarada bilib: "Koronavirus infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artır. Əhalinin sağlamlığını mühafizə etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanda həyata keçirilən sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Lakin ölkə başçısının təcili və təxirəsalınmaz addımları ilə ölkəmizin koronavirus və onun yaratdığı fəsadlara qarşı yüksək səviyyədə mübarizə aparmasının şahidi oluruq. Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir".

Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizə Fondu yaradıldığını xatırladan politoloq qeyd edib ki, digər tərəfdən koronavirusun yayılması və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.

T. İsmayılov vurğulayıb ki, ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldilir: "Sərəncama əsasən yaradılan və artıq tərkibi bəlli olan işçi qruplar zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edəcək. Bundan başqa bir sıra dövlət işçiləri maaşları saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxıldı. Düşünürəm ki, bu addımlar iqtisadi sabitliyi qoruyacaq, Koronavirus ölkə daxilində pandemik yoluxma yaratmayacaq. Bu fonda biz də dövlətimizin yanında olmalı, çölə çıxmamalı və izolyasiya qaydalarına əməl etməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə