KİVDF – 10 ilin uğurları ANALITIK

KİVDF – 10 ilin uğurları ANALITIK

Yaxud, qərəzkarların kirli məqsədləri alınmadı

Bəlli olduğu kimi, 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Belə ki, burada konseptual məqsəd, Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin təkmilləşdirilməsi faktorunu əhatə edir ki, bu da, bütövlükdə vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu əhəmiyyətli dərəcədə artırır. Ümumiyyətlə, fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində KİV-lərin mühüm yeri və rolu bu reallığı təsdiq edir.

2009-cu il aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu - KİVDF yaradıldı ki, bu da qarşıya qoyulmuş məqsədlərin daha geniş sferada tətbiqi üçün münbit şərait yaratdı. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir ki, ötən 10 ildə nəhəng uğurlara, nailiyyətlərə imzalar atıldı.

KİVDF Azərbaycanın uğurlu media modelinin nümunəsidir!

KİVDF-nin fəaliyyətinin 10 ilində atılan hər bir addım bütövlükdə mətbuat təmsilçilərinin fəaliyyətlərinə çoxsaylı bəhrələr verib. İlk növbədə, bu qurumdan gözləntilər müxtəlif layihələrin həyata keçirilməsi ilə reallığa çevrildi. İstər kütləvi informasiya vasitələrinin üzləşdiyi bir çox problemlərin aradan qaldırılmasında, istər mətbuat-dövlət-cəmiyyət münasibətlərinin sivil müstəvidə tənzimlənməsində, istərsə də, jurnalistlərin bütün bunlardan töhfələr almasında KİVDF-nin əhəmiyyətli dərəcədə fəaliyyəti mövcuddur. Mətbuat orqanlarının maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətini, məişət şəraitinin yaxşılaşdırılmasını əhatə edən layihələr dünyada heç bir analoqu olmayan fəaliyyəti ilə sübuta yetirilib.

Fondun ayrıca, yaxud müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən müxtəlif mövzulara aid jurnalistlərin fərdi yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş ən mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur.

Ən əsası, xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə, KİVDF-yə bir neçə dəfə maliyyə ayrılıb və bunun nəticəsidir ki, artıq iki 17 mərtəbəli, 411 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilib. Artıq, üçüncü binanın tikilməsi prosesi yekunlaşdırılmaq üzrədir. Təbii ki, bu addımlar dünyada analoqu olmayan bir hadisədir və Azərbaycanın uğurlu media modelinin nümunəsidir. Ümumiyyətlə, KİVDF-nin fəaliyyətinin qarşıdakı illərdə də müasir standartlardan çıxış etməsi, ölkə mediasının təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirməsi kimsədə şübhə yaratmamalıdır. Çünki son 10 ildə qurumun qüsursuz fəaliyyəti də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Bu dəfə də, print-media ətrafında süni səs-küy...

Lakin təəssüf ki, KİVDF-nin Azərbaycan mediasında daha təkmilləşdirilmiş işlər aparması, bu yöndə müvafiq qərarlar qəbul etməsi müxtəlif qərəzli qurum və fərdlər tərəfindən sifarişlər əsasında kölgə altına salınır. Daha dəqiq desək, bu gün müxtəlif adlar altında dırnaqarası fəaliyyət göstərən fərdlər bu və ya digər məsələlər ətrafında manipulyasiyalara yol verməklə, hətta həmin məsələləri qəsdən siyasiləşdirməyə çalışırlar. Belə cəhdlər isə müstəqil və müasir Azərbaycan mediasına əlbəttə ki, sirayət etməyib, bundan sonra da etməyəcək. Xüsusilə, print-media ətrafında süni gərginlik yaratmağa çalışanlar əslində, KİVDF-nin əldə etdiyi və edəcəyi növbəti uğurlara qarşı olduqlarını açıq-aydın sərgiləməkdədirlər. Süni səs-küylər isə nəticəsiz qalmaqdadır, təbii ki!

Bu da sirr deyil ki, Azərbaycanda bir sıra qəzetlərin oxunmaması, onların yerini internet saytların tutması reallığa çevrilib. Hətta 10 il bundan öncə, bir sıra qəzet baş redaktorları tərəfindən qəzetlərin satılmaması fonunda onların tamamilə bağlanacağı və çap mətbuatının sıradan çıxacağı istiqamətində fikirlər səslənirdi. Lakin belə bir məqamda

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı ki, KİVDF-nin yaranmasından sonra qəzetlərə maliyyə yardımı verilməyə başladı və bu amil mütəmadi xarakter almağa başladı. Hətta onu da deyə bilərik ki, maliyyələşmə prinsipi çap mediasının yaşaması üçün yeni nəfəs oldu. Belə ki, bilavasitə dövlət başçısının dəstəyi nəticəsində KİVDF-nin xətti ilə qəzetlərin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlər 2009-cu ildən bu günə kimi çap mediasının ayaqda durması üçün ən mühüm vasitə oldu desək, yanılmarıq. Prezidentin bu dəstəyi ilə Azərbaycan milli mətbuatı sıradan çıxmaq təhlükəsindən qurtuldu.

Bu gün dünyada biznes mühiti mövcuddur və inkişaf etmək üçün ardıcıl fəaliyyət göstərmək şərtdir.

Lakin illər ötdükcə, print-medianın internet, yaxud elektron media qarşısında geri addım atması reallığı üzə çıxdığı ki, bu da onunla bağlı növbəti məlum qərarın verilməsi ilə nəticələndi. Yaranmış yeni vəziyyət KİVDF-ni çıxış yolu kimi yeni addımlar atmağa məcbur etdi ki, bunu da heç bir halda çap mətbuatının tam sıradan çıxması, yaxud, qəzetlərin bağlanması kimi iddia edilməsi doğru nəticə deyil. Çünki KİVDF-nin yeni tələbləri Azərbaycanın çap mətbuatını daha da inkişaf etdirməyə, onu inkişaf etmiş ölkələrdəki duruma gətirməyə hədəflənib. Bu tələblər daxilində hər hansı qəzetlər bağlanmalıdır və s. müddəaları yer almayıb. Bəs tələblər nədir?

Bundan sonra Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Bu tələblər, ilk növbədə çap mətbuatını dünyanın inkişaf etmiş ölkələrindəki mətbuatla ayaqlaşmağa məcbur edəcək. Çünki bu gün dünyada biznes mühiti mövcuddur və inkişaf etmək üçün ardıcıl fəaliyyət göstərmək şərtdir.

Bu qərar milli mediamızın dünya arenasındakı yerini uğurla təmsil etməsinə kifayət qədər şərait yaradır

Daha bir faktora nəzər salaq. Belə ki, bu gün əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır. Onlar gözəl tərtibatından tutmuş, texniki imkanlarına, böyük tirajlarına, geniş oxucu auditoriyasına malikdirlər. Azərbaycanda isə vəziyyət fərqlidir. KİVDF 33 qəzetə maliyyə ayırır. Eyni zamanda, sahə qəzetləri, aylıq, regional qəzetlər də bu sırada yer alıb. Bu qəzetlərin heç biri nə işçilərinə yüksək əmək haqqı verə bilir, nə də bəzi MDB ölkələri ilə belə müqayisə oluna biləcək səviyyədə çıxır. Bu zaman sual yaranır ki, Azərbaycan kimi geniş əraziyə malik olmayan bir ölkədə, əksəriyyətinin tirajı 5 mini ötməyən bu qədər qəzetin dövlət dəstəyi sayəsində yaşaması nə qədər zəruridir?

Bu baxımdan, KİVDF-nin print-media ilə bağlı yeni tələbləri yerində və düzgün atılmış addım olaraq qiymətləndirilməlidir. Verilən qərar, Azərbaycan mətbuatında yeni səhifə olacaq. Bəs uğurlar nədən ibarət olacaq? İlk növbədə, print-mediada mərkəzləşmə fəaliyyətinə start veriləcək və bunun ilkin nəticələri də görünməkdədir. Bir sıra qəzetlər artıq bu tələblərdən sonra çapını dayandırdığını elan edib və elektron formada fəaliyyət göstərmək qərarını verib ki, bu da oxucu auditoriyasını əldə saxlamaq və artırmaq reallığını göstərir. Beləliklə, media sahəsində yalnız özünə güvənən, cəmiyyət tərəfindən qəbul olunduğuna, oxunduğuna inanan qəzetlər qalacaq ki, bu da medianın tərəqqisi üçün vacib amillərdəndir. O cümlədən, bu qərar milli mediamızın dünya arenasındakı yerini uğurla təmsil etməsinə kifayət qədər şərait yaradır.

Beləliklə, KİVDF-nin 10 ildə əldə etdiyi böyük uğurlara qərəzlə yanaşanlar bilməlidirlər ki, onların bu iddiaları heç bir halda milli mətbuatımıza sirayət etməyəcək, əskinə, KİVDF qarşıda daha mütərəqqi layihələrə imza atmaqla, mətbuatımızın tərəqqisinə davamlı töhfələrini bəxş edəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə