Səbail rayonunun Badamdar qəsəbəsində daha bir soial obyekt istifadəyə verilib

Səbail rayonunun Badamdar qəsəbəsində daha bir soial obyekt istifadəyə verilib

Vətəndaşların sosial problemlərinin həllinə diqqət və qayğının artırılmasına dair ölkə başqısının tapşırıqlarının icrası ilə bağlı son vaxtlar ərzində Səbail rayonunda bir çox sosial yönümlü işlər həyata keçirilib. SİA-nın xəbərinə görə, cari il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində təkcə Badamdar qəsəbəsində Mədəniyyət evi əsaslı surətdə təmir olunaraq hər cür lazımi avadanlıqlarla təmin olunmuş, qəsəbədə 8 abad həyət, iki istirahət parkı istifadəyə verilmiş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Qəsəbədəkı 236 saylı orta məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni dərs ilinin əvvəlində istifadəyə verilib. Rayon İcra Hakimiyyəti (RİH) başçısının Badamdar qəsəbəsində keçirdiyi açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq RİH tərəfindən layihə sənədləri hazırlanmış, əvvəllər böyük bir yarğan olan və məişət tullantlarının atıldığı sahə torpaqla doldurulmuş, ərazi təmizlənərək burada müasir dizaynlı birmərtəbəli, ümumi sahəsi 525 kv. metr olan gözəl bir bina inşa olunub. Binanın damına müasir dəmir örtük vurulmuş, suvaq və rəngləmə işləri aparılıb. Müxtəlif tədbirlər, xeyir-şər mərasimləri və digər tədbirlər keçirilməsi üçün nəzərdə tutulan bu binada 200-250 nəfərlik işıqlı zal, geniş mətbəx, inzibati otaq və anbar tikilib. Xeyir-şər yeri tələb olunan bütün inventarlarla, o cümlədən stol və stullar, qab-qacaq, müvafiq texniki vasitələrlə tam təmin olunub. Binaya kommunikasiya xətləri çəkilmiş, işıq, qaz və su problemləri həll olunmuş, daimi isti su və istilik məsələlərinin həlli üçün "Kombi" sistemi və kondisionerlər quraşdırılıb. Binanın həyətinə 1000 kv. metr sahədə asfalt salınmış, 150 kv. metr sahəyə tamet örtüyü vurulmuş, həyətdə perimetrii üzrə dekorativ məhəccərlər qurulmuş, bütün ətraf ərazi abadlaşdırılıb.

Açıq qəbullar zamanı qəsəbə sakinlərinin xahişi, həmçinin qəsəbədə dini ayinlərin yerinə yetirilməsi ilə bağlı şəraitin olmaması nəzərə alınaraq binanın bir hissəsində meyid yuyulması üçün yer, namaz və dini mərasimi keçirilməsi üçün otaq hazırlanıb. Bu da dəfn mərasimlərində qəsəbə sakinlərinin qayğıldarının azalması üçün böyük bir kömək olacaqdır.

Qeyd etmək lazımdır ki, Badamdar qəsəbəsində sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində RİH tərəfindən görülən işlər davam edir. Qəsəbədəki mağaza və ticarət obyektlərinin fasadları üzlənilir, səkilər və yol kənarlarında abadlıq işləri aparılır. Yaxın vaxtlarda "Abad həyət" layihəsinin davamı kimi daha bir yeni həyətin abadlaşdırılmasına və qəsəbə mərkəzindəki Heydər Əliyev parkının əsaslı təmirinə başlanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə