Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram və müdafiə işləri üzrə nümayəndə Anna Leşçinskaya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qəbul ediliblər.
SİA-nın verdiyi məlumata görə, qonaqları salamlayan rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə keçirilən işgüzar görüşlərdə məhkumların saxlanma şəraitinin və digər maraq doğuran məsələlərin mütəmadi olaraq müzakirə olunmasını müsbət qiymətləndirərək, yenidən görüşməkdən məmnun olduğunu bildirib.
Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən müdafiə işləri üzrə koordinator Byorn Oliver Ram ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulamış, bugünkü qəbula, eləcə də BQXK-nın təşəbbüsü ilə təşkil olunmuş Çin nümayəndə heyətinin üzvlərinin yüksək səviyyədə qəbul edildiklərinə görə minnətdarlığını bildirib. O, məhkumların saxlanma şəraiti ilə bağlı ümumi vəziyyətin qənaətbəxş olduğunu qeyd edərək, bir sıra müəssisələrə başçəkmələrin nəticələrinə dair hesabatı təqdim edib.
Yaxın vaxtlarda məhkumlara psixoloji yardımın göstərilməsi sahəsində yüksək təcrübəyə malik beynəlxalq ekspertin Azərbaycana səfər edəcəyi barədə məlumat verən Byorn Oliver Ram onun iştirakı ilə şəxsi heyət üçün treninq və seminarlar, mümkün səfərlər təşkil etmək niyyətində olduqlarını bildirib.
Görüşün sonunda hər iki tərəf qarşılıqlı əməkdaşlığın səmərəliliyini qeyd edib, bundan sonra da bu əməkdaşlığın müsbət nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB