Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə İslam oyunlara düzgün qiymət verərək bildirdi ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, IV islam Həmrəylik Oyunları Azərbaycan Prezidentinin də söylədiyi kimi təkcə idman yarışı deyildi, eyni zamanda Azərbaycanı, İslam dünyasını yenidən təqdim etmək mərasimi idi ki, ölkəmiz bunun öhdəsindən yüksək səviyyədə gəldi: "İstər bu oyunlarda iştirak edən idmançılar, məşqçilər, istər onlara azarkeşlik edənlər, istərsə də yarışlara baxmaq üçün turist kimi ölkəmizə gələnlər heç şübhəsiz ki, təkcə idmanla maraqlanmaqla kifayətlənmədilər, onlar eyni zamanda ölkəmizin, şəhərimizin görməli yerlərində olub, mətbəximiz və musiqimizlə tanış oldular. Bundan başqa şəhərimizə gələn qonaqlar gələcəkdə özlərinin biznes layihələrinin həyata keçirmək üçün Azərbaycandakı biznes mühiti ilə də tanış olmaq imkanı qazandılar".
Milli Məclisin deputatı qeyd edib ki, bütövlükdə bu idman yarışları Azərbaycana gələcəkdə daha çox həm turist axını, həm biznes, həm də mədəni əlaqələrin güclənməsinin, eyni zamanda Azərbaycanı dəstəkləyən insanların sayının artmasının səbəbkarı olacaq: "Bu mənada Azərbaycan prezidentinin idmançılarla görüşündə söylədikləri bütün fikirlərlə şərikəm və hesab edirəm ki, biz qısa müddətdə bu nəticələri görə biləcəyik. Bütövlükdə İslamiada Azərbaycana uğur gətirdi və bütün dünyaya bir daha İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu sübut etdi".
M.Quliyev əlavə edib ki, idmançılarımızın islam oyunlarında böyük müvəffəqiyyətlə çıxış edərək ölkəmizi yüksək pilləyə qaldırması həm Azərbaycanın dövlət kimi güc və qüdrətinin ifadəsi oldu, həm də ölkəmizdə idmana, sağlamlığa verdiyi diqqətin yaxşı nəticələrinin ifadəsi oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB