Politoloq: “İctimai təşkilatlarla daha intensiv işlər aparmalıyıq” AÇIQLAMA

Politoloq: “İctimai təşkilatlarla daha intensiv işlər aparmalıyıq” AÇIQLAMA

"Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən təşkilatlardan birinin keçirdiyi "Qafqaz dialoqu 2016" adlı tədbiri sıradan bir tədbir deyildi. Çeçenistan hökumətinin dəstəyi ilə Qroznıda keçirilən tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiyadan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak edirdilər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bütün tədbirlərdə olduğu kimi, bu tədbirdə də, ermənilər auditoriyaya yalan məlumatlar verməklə məşqul idilər: "Hətta, ermənilər tərəfindən bu kimi tədbirlərə Dağlıq Qarabağdan nümayəndələrin də gəlməsini tələb etmələri həyasızlığın pik nöqtəsi idi. Ermənilər tərəfindən səsləndirilən, sonra isə bəzi rus və osetin nümayəndələri tərəfindən dəstəklənən bu fikirlər bizim tərəfimizdən qətiyyətlə pislənildi. Belə fikirlərin münaqişənin nizamlanmasına xələl gətirəcəyini, onun daha da alovlandıracağını bildirərək, Dağlıq Qarabağ adlı seperatçı rejimin bugün heç kim tərəfindən tanınmadığını forum iştirakçılarının diqqətinə çatdırdım.

Ümumiyyətlə, forumboyu çeçen xalqının azərbaycanlılara necə dost və qardaşcasına münasibət bəslədiklərinin şahidi olduq. Fikrimcə, Azərbaycan Şimalı Qafqaz respublikalarında öz nüfuzunu daha da gücləndirməlidir. Ermənistan və Azərbaycan arasında müharibə başlayarsa bu Şimali Qafqazda siyasi proseslərin fəallaşmasına gətirib çıxaracaq. Bizim vəzifəmiz orada Moskvanın hansı diqtəni edib – etməyəcəyindən asılı olmayaraq oradakı hakim dairələr ilə münasibətlərin daha da isinməsi olmalıdır. Əsasən də, Çeçenistan və Dağıstan hakim dairələri, ictimai təşkilatları ilə daha intensiv işlər aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə