“Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik arta bilər” AÇIQLAMA
"Prezident İlham Əliyevin Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq: "Bu isə anti-Azərbaycan qüvvələrinə, eyni zamanda Ermənistana və onun havadarlarına bir mesajdır. Yəni, Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz dünyəviliyinə də sadiqdir. Bu istiqamətdə öz müstəqil siyasətini yürüdür".
Politoloqun fikrincə, ABŞ başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda meqalayihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından çox mühüm bir addımdır: "Məhz buna görə də Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır. ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsi ilə bağlı hazırlıq gedir. Bu komanda özündən sonra bir sıra münaqişələrin həllini müsbət mənada miras kimi qoyub getməyə çalışır. Düşünürəm ki, məhz buna görə də bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət artacaq. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri məhz ABŞ-dır. Bundan sonra münaqişənin həlli istiqamətində müəyyən aktivlik gözləmək olar. Lakin onu da unutmamalıyıq ki, ermənilər və onların havadarları Dağlıq Qarabağ münaqişəsinin həllini ümumiyyətlə istəmir. Münaqişə nə qədər çox uzanarsa, bu, Serj Sarkisyan rejiminin hakimiyyətdə qalmasına bir o qədər şərait yaradacaq. Buna görə də ermənilər və onların havadarları çalışacaq ki, bu ərəfədə də atəşkəs pozulsun, həmçinin, digər addımlar atılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB