Səxavət Əlisoy: “Məqsədimizə indiki halda daha tez nail ola bilərik"
ADR-dən Tural Abbaslıya CAVAB

"Tural Abbaslı öz fikirlərində azaddır. Yəqin o, prosesləri belə görür, belə şərh edir. Fraksiyanın yaradılması təklifi ətrafında biz çox düşündük və nəticədə oraya qoşulmadıq". Bu fikirləri SİA-ya Müsavat Partiyasından istefaya göndərilən keçmiş başqan müşaviri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsində təmsil olunan Səxavət Əlisoy Tural Abbaslının digər narazı müsavatçı funksioner Qubad İbadoğlunun hərəkat yaratması ilə mövqelərini başqan Arif Hacılıya təslim etməsi iddiasına münasibət bildirərkən deyib.

Səxavət Əlisoy ADR hərəkatının yaradılmasına rəğmən, fraksiyanın da müəyyən işlər apara biləcəyini deyib: "ADR hərəkatını yaratdıq və bu yöndə işlərimiz gedir. Fraksiyanın yaradılması isə heç də gec deyil. Tural Abbaslı və onun müsavatçı dostlarının partiyanın idarəetməsindən tam kənarda qalmalarını haqsız hesab edirəm. Əgər gənclər fraksiya yaratsa, bu daha effektli ola bilər. Eyni zamanda Arif Hacılının Müsavat Partiyasının Nizamnaməsindən kənar hərəkətlərinin qarşısını alacaq qədər uğurlu addım sayıla bilər".

ADR hərəkatının təşkilat komitəsinin üzvü hesab edir ki, onlar partiyadan kənar qala bilməzlər, partiyanın həyatına biganə yanaşa bilməzlər. Bu baxımdan, Tural Abbaslı müsavatdaxili fraksiya yaradacaqsa, ADR hərəkat olaraq həmin fraksiya ilə əməkdaşlıq edəcək: "Biz gələcəkdə fraksiya təmsilçiləri ilə əməkdaşlıq barədə düşünə bilərik".

Səxavət Əlisoy son olaraq, ADR-in nəyə görə Müsavat daxilində yaradılmaması məsələsinə də aydınlıq gətirib. "Bunun coğrafiyası geniş ola bilməzdi. Ayrı şəkildə fəaliyyət göstərsələr, daha effektli nəticələr əldə edə bilərlər: " Biz qarşımıza qoyduğumuz məqsədlərə indiki halda daha tez nail ola bilərik, nəinki partiya daxilində hərəkat yaratsaydıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə