Mərkəz sədri: “Türkiyənin nüvə silahı əldə etməyə haqqı var” AÇIQLAMA
"Yaxın Şərq kimi qarışıq, sabit olmayan, hər an ciddi təhlükəsizlik problemləri yaradacaq regionda Türkiyənin nüvə silahı əldə etməsindən təbii heç nə ola bilməz. Nədən regionun kilid nöqtəsində yerləşən Türkiyənin də nüvə silahı olmasın?". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı Almaniya mətbuatında Türkiyənin nüvə silahı əldə etmək üçün xüsusi laboratoriya qurduğuna dair verilən xəbəri şərh edərkən deyib.
Mərkəz sədri vurğulayıb ki, Türkiyənin regionda güclü dövlət olması nüvə silahına sahib olmasına haqq verir: "Regionda yalnız İsrail nüvə silahına sahibdir. İsrail bunu etiraf etməsə də bütün dünya dövlətləri bu barədə məlumatlıdır. Doğrudur, digər beynəlxalq mətbu orqanlar, ABŞ, Avropa və digər dövlətlər Türkiyənin nüvə silahlı əldə etməklə bağlı laboratoriya qurduğunu təsdiqləməyiblər. Türkiyənin özü də bu xəbəri təsdiqləməyib. Eyni zamanda bu xəbəri alman mətbuatının dezinformasiyası kimi də dəyərləndirmək olar. Çünki, Alman kəşfiyyatının Türkiyə rəsmilərini dinlədiyinə dair xəbərlər çıxan zaman Almaniya-Türkiyə arasındakı münasibətlərdə gərginləşmişdi. Ona görə də bu barədə məlumat təsdiqini tapmadığı üçün onu ciddi mənbə, məlumat kimi dəyərləndirmək doğru deyil".
H.Cabbarlı ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsindən də danışıb: "ABŞ-ın Yaxın Şərqdə son 20 il ərzində həyata keçirdiyi siyasət nəticəsində güclü siyasi, iqtisadi və hərbi gücə malik dövlətlər mövcudiyyətlərini qoruyub saxlaya bilmədi. Belə bir ortamda Türkiyənin həm geosiyasi mövqeyi, həm də bölgəyə olan münasibəti konteksində müstəqil xarici və təhlükəsizlik siyasəti həyata keçirməyə cəhd etməsi təqdirə layiq haldır. Ancaq ABŞ-ın Yaxın Şərqdə vəhşiliyi və qəddarlığı ilə seçilən İŞİD terror qruplaşmasına qarşı mübarizədə Türkiyənin dəstəyini ala bilməməsi ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginlik yaradıb. Türkiyənin İŞİD-ə qarşı koalisiyada aktiv rol almamasına səbəb İŞİD-in əlində olan 49 konsulluq əməkdaşlarının olması idi. Amma Türkiyə uğurlu əməliyyatla İŞİD-in əlində olan konsulluq əməkdaşlarını azad edib. Bundan sonra, böyük ehtimalla Türkiyə İŞİD-ə qarşı mübarizədə ABŞ-ın təşkil etdiyi koalisiyada yer alması üçün müəyyən şərtləri və tələbləri ola bilər".
Mərkəz sədri bildirib ki, Türkiyə hər nə qədər müəyyən problemlər yaşasa da regionun ən böyük dövlətidir və güclü orduya sahibdir: "Hesab edirəm ki, bu potensialdan müttəfiqlik çərçivəsində belə NATO və ya ABŞ-ın istifadə etməsi müəyyən dividentlər gətirməlidir. Bu dividentlərin gəlmədiyi halda Türkiyənin İŞİD-ə qarşı koalisiyada yer alması onun maraqlarına cavab vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB