"AXCP-nin əsas fəaliyyəti bizi – Müsavat Partiyasını təftiş eləməkdən ibarətdir. Bu təftiş fəaliyyəti indi də davam edir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, partiya başqanının müşaviri Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının İsa Qəmbərin təşəbbüsü ilə yaradılan Milli Strateji Düşüncə Mərkəzini (MSDM) əhəmiyyətsiz qurum adlandırmasına, bununla Müsavatın özünü reklam etməsi iddialarına münasibət bildirərkən deyib.
Müsavat rəsmisinin sözlərinə görə, Fuad Qəhrəmanlının dedikləri bu təftişin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Hansı ki, MSDM-in fəaliyyəti indiki vəziyyətdən çıxış yolları axtarmaqdan ibarətdir. Mustafa Hacıbəyli AXCP-nin hər zaman bu kimi düşərgədaxili təşəbbüslərə barmaqarası baxdığını daha bir məqamla xatırladıb: "Yadınızdadırsa, biz may ayında mitinq keçirmək üçün təşəbbüslər irəli sürmüşdük. Eyni zamanda bildirmişdik ki, burada mitinqin təşkilatçılığı ilə bağlı hər hansı bir müəlliflik hüququndan istifadə eləmək niyyətimiz yoxdur. Həmin zaman NİDA-çıların da məhkəməsi gedirdi və mitinqin keçirilməsi bizə sərf edirdi. Ancaq AXCP bizim təşəbbüsümüzə dəstək vermədi. Yəni onlar özləri heç bir şey etmirlər, bunun müqabilində isə ancaq bizə ağıl qoymaqla məşğuldurlar. Hansı ki, biz hazırkı vəziyyətdən çıxış yolunu axtarmaq üçün bütün müxalifətlə bir araya gəlməyi, müzakirələr aparmağı istəyirik. Əgər burada iştirak etmək istəmirlərsə, öz işləridir. Ancaq yaxşı olardı ki, ana müxalifət, radikal müxalifət adına iddialı olan bir qurum kimi özləri də bir şey etsinlər ki, biz də görək bunlar nəyə qadirdirlər. Hansı ki, son aylarda AXCP-nin bizi təftiş etməsindən başqa heç nə görməmişəm. Onlardan fərqli olaraq, şəxsən mən çox arzu edirəm ki, AXCP də hər hansı bir tədbir keçirsin və qurum, mərkəz təşəbbüsü ilə çıxış etsin. Ancaq təəssüf ki, biz bunu görmürük".
İsa Qəmbərin müşaviri Fuad Qəhrəmanlının özbaşına hərəkət etmədiyini və birbaşa AXCP sədri Əli Kərilmlidən bu istiqamətdə təlimat aldığını da istisna etməyib: "Təbii ki, Fuad Qəhrəmanlı Əli Kərimlinin sözcüsüzdür və bu siyasəti də bilavasitə Əli Kərimli yürüdür. Əli Kərimlinin siyasi xətti əsasən Müsavat Partiyası ilə rəqabət aparmaqdan ibarət olubdur. Hətta biz bir təşkilatda fəaliyyət göstərəndə belə, bu hal mövcud olub. Eyni zamanda Milli Şurada birgə seçkilərə getdiyimiz zaman Əli Kərimlinin daimi xətti Müsavatı tapdalamaq, əzmək və aşağılamaq kimi fəaliyyətdən ibarət olub".
Xatırladaq ki, ötən həftə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı da AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavat Partiyasını ittiham etməsinə rteaksiya verərək bildirmişdi ki, qarşı tərəf intriqaçı olduğu üçün darıxmağa başlayıb və indi də bu cür fikirlər səsləndirir. Tural Abbaslı Fuad Qəhrəmanlıya danışanda ehtiyatlı olmağı da tövsiyə etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB