Misir nümayəndə heyəti Azərbaycana səfər etmək niyyətindədir

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin Xurqada şəhərinə işgüzar səfər edib
Misir nümayəndə heyəti Azərbaycana səfər etmək niyyətindədir

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev Misirin Xurqada şəhərinə işgüzar səfər çərçivəsində Misirin Qırmızı dəniz ətrafı vilayətinin qubernatoru general Əhməd Abdulla ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə Misir arasında əlaqələrin daha da gücləndirilməsi, xüsusilə turizm sahəsində əməkdaşlığın artırılması imkanları ətrafında müzakirələr aparılıb.

Səfir Şahin Abdullayev Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə etdiyi nailiyyətləri, vətəndaşlarımızın beynəlxalq turizm səfəri imkanlarının artması və eləcə də ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən böyükmiqyaslı layihələr haqqında ətraflı məlumat verib.

General Əhməd Abdulla ölkəsi tərəfindən bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verildiyini və bu xüsusda, Misirin aidiyyəti dövlət qurumları arasında məşvərət xarakterli toplantının keçirildiyini qeyd edərək, bu məqsədlə yüksək səviyyəli nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.

General Əhməd Abdulla hal-hazırda Azərbaycan turistlərinin Misirə səfərlərinin daha da sadələşdirilməsi yollarına və birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxıldığını qeyd edib.

Görüş müddətində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə