“Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması mübahisəli məsələdir” MÜNASİBƏT

Fəzali Ağamalı: "Azərbaycan xalqı Rüstəm İbrahimbəyovu rədd edəcək, ona hər hansı bir şəkildə etimad göstərməyəcək"
“Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması mübahisəli məsələdir” MÜNASİBƏT

"Azərbaycan vətəndaşı 10 il fasiləsiz olaraq ölkədə yaşadığı və fəaliyyət göstərdiyi halda, prezident seçkilərində iştirak etmək səlahiyyətinə malikdir. Rüstəm İbrahimbəyov seçkilərə 1-2 ay qalmış Rusiya vətəndaşlığından imtina edirsə, bu o demək deyil ki, üzərinə götürmüş olduğu bütün öhdəliklərdən imtina edir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsinə dair məsələyə münasibət bildirərkən deyib.

Rüstəm İbrahimbəyov Moskvada yaşayarkən oradakı erməni dostlarının əhatəsində kefdə-damaqda olub

Millət vəkilinin sözlərinə görə, Rüstəm İbrahimbəyov siyasi çəkiyə malik biri deyil: "Onun Azərbaycan cəmiyyətində yeri yoxdur. Çünki o heç bir zaman Azərbaycan xalqı ilə bərabər olmayıb. O, Moskvada yaşayarkən, erməni dostlarının əhatəsində kefdə-damaqda olub. İndi gəlib belə iddia ilə çıxış edir ki, mən ölkənin prezidenti olmaq istəyirəm. Bu insanın dünya iqtisadiyyatından və siyasətindən başı çıxmır. Sosial məsələlərdən, idarəçilikdən xəbəri olmayan bir insan ölkənin prezidenti olsa, Azərbaycan yenidən 1992 ci illərə qayıtmış olar. Kinorejissor olmaq, müxtəlif beynəlxalq mükafatlar almaq o demək deyil ki, Azərbaycan kimi maraqların toqquşduğu ölkənin prezidenti ola bilər".

Rüstəm İbrahimbəyov Moskvanın ssenarisi üzrə fəaliyyət göstərir və öz rolunu məharətlə oynayır

F.Ağamalı vurğulayıb ki, Rüstəm İbrahimbəyovun prezidentlik iddiası gülüncdür: "Ən gülünc məqam isə odur ki, pis-yaxşı Azərbaycan siyasətində olan adamlar da papağını çıxarıb Rüstəm İbrahimbəyovun qarşısında baş əyirlər. Onlar bu hərəkətləri ilə özlərinin mahiyyətlərini ortaya qoyurlar. Hamıya çox gözəl bəllidir ki, Rüstəm İbrahimbəyov Moskvanın ssenarisi üzrə fəaliyyət göstərir və öz rolunu məharətlə oynayır. Rusiyanın belə bir ssenari qurmasının səbəbi çox gözəl aydındır. Çünki, Rusiya Azərbaycanın müstəqil siyasəti ilə, neft ehtiyyatlarını istədiyi marşurutla istədiyi ölkəyə göndərməsi ilə razılaşa bilmir. Moskva çalışır ki, İvanişvili, Sərksyan kimi bir insanı Azərbaycanda hakimiyyətə gətirsin. Belə bir insan da təbii ki, onlar üçün Rüstəm İbrahimbəyovdur. Mən əminəm ki, Azərbaycan xalqı Rüstəm İbrahimbəyovu rədd edəcək, ona hər hansı bir şəkildə etimad göstərməyəcək. Onun namizədliyinin qeydə alınması da kifayət qədər mübahisəli məsələdir. Düşünürəm ki, hüquqşünaslar buna hüquqi baxımdan obyektiv aydınlıq gətirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə