Nizami rayonunda Respublika Günü münasibətilə tədbir keçirilib

Nizami rayonunda Respublika Günü münasibətilə tədbir keçirilib

Mayın 25-də Nizami rayon İcra Hakimiyyətində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb.

Vurğulanıb ki, müstəqilliyimizin əbədi, dönməz xarakter alması ulu öndər Heydər ƏIiyevin əvəzsiz xidmətidir və bərpa edilən dövlət müstəqilliyimiz 95 il əvvəl qoyulmuş təməl üzərində təşəkkül tapıb. Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin - dövlət bayrağının və himninin də yenidən Azərbaycana qaytarılmasını təmin edib.

İcra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova "Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı şəhərinin rayonları arasında keçirilən Gül bayramı müsabiqəsində Nizami rayonu yenə də birinci yeri tutaraq ardıcıl olaraq dördüncü dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülüb.

Sonra Bakı şəhəri üzrə keçirilən inşa yazı, rəsm və şeir müsabiqələrində, bilik yarışlarında, Brey-Rinq intellektual oyunlarında yaxşı nəticələr əldə etmiş məktəblilərə və "Şahin" hərbi idman oyunlarının final mərhələsinin qalibi olmuş 220 nömrəli məktəb-liseyin komandasına diplom, fəxri fərman və qiymətli hədiyyələr verilib.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişaf əsası 95 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə