İctimai Palata (İP) tərəfindən keçirilən aksiyanın effektli olmadığı artıq hər kəsə məlumdur. Əslində Parlamentin buraxılması ilə bağlı səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Bu tamamilə arqumentsiz və əsassız bir fikirdir. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Baş redaktorun sözlərinə görə, vaxtı ilə həmin o siyasi qüvvələrin özləri də Azərbaycan parlamentində təmsil olunublar: "Dünyanın istənilən parlamentində neqativ halların baş verməsi mümkündür. Bununla belə hər hansı bir deputatın siyasi həyatında problemlərin yaşanması ola bilər. Bir nəfərin problemini bütünlüklə Milli Məclisin hər bir üzvünə şamil etmək olmaz. Həmin o şəxslərin özləri də zamanında hüquq pozuntusuna yönəlik addımlar atıblar. Lakin heç kəs onların bu hərəkətinə görə, parlamentin buraxılması tələbi ilə çıxış etməyib. Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların rəhbərləri siyasətdən daha çox şou-bizneslə məşğul olurlar. Göründüyü kimi də bu prosesin məntiqli nəticəsi yoxdur. Qeyd edim ki, bundan öncə də aksiyaların keçirilməsi üçün Bakı şəhər İcra hakimiyyətinə (BŞİH) müraciətlər olunmuşdur. Burada əsas məqsəd ondan ibarətdir ki, bu kimi aksiyaların şəhərin mərkəzində keçirilməsi ilə insan kütləsindən istifadə edərək böyük rezonansa səbəb olmaqdır. Bununla belə həmin insanlar aksiya zamanı çəkilən şəkilləri, videoları beynəlxalq təşkilatlara nümayiş etdirərək nüfuzlarını artırmağa çalışırlar".
E.Mirzəbəyli Müsavat başqanı İ.Qəmbərin Gürcüstan səfərinə də toxunub: "İsa Qəmbərin Gürcüstan səfərində əsas məqsəd həmin ölkədə görüşlərin keçirilməsi deyil, əsas onun Ermənistan təmsilçiləri ilə bir araya gəlməsidir. İ.Qəmbər vaxtı ilə Azərbaycan torpaqlarının işğal edilməsi prosesində aparıcı yerdə dayanan Ermənistanda Ter-Petrosyanın rəhbəri olduğu təşkilatla müqavilə imzalayıb. Bu bəyannamədə də əsas məqsəd bir sıra sahələrdə əməkdaşlığı genişləndirməkdir. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır. Məhz belə olan təqdirdə Ermənistanın hər bir siyasi təşkilatı ilə əməkdaşlığın edilməsi və hər hansı sazişin imzalanması faktiki olaraq Azərbaycanın maraqlarının əleyhinə yönəlmiş bir addımdır. Bununla belə bu Ermənistana və onu himayə edən dövlətlərin dəstəklədiyi siyasətə xidmət edir. Hesab edirəm ki, Müsavat başqanı İ.Qəmbər bu məsələlərə aydınlıq gətirməlidir. O, açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB