Prezident Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb. Bildirilib ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Qeyd edilib ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılıb, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilib. Parkda yay istirahət yerləri quraşdırılıb. Dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşüb. Kollektiv adından çıxış edən həkim Aliyə Həsənova ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB