Prezident İlham Əliyev Xəzər rayonunda üç səviyyəli Mərdəkan yol qovşağının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Xəzər rayonunda Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 14-cü kilometrliyində üç səviyyəli Mərdəkan qovşağının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, Azərbaycan Prezidentinə qovşağın texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, dörd aşırımlı körpünün uzunluğu 220 metr, eni 23, 5 metrdir. Dörd hərəkət zolağı olan körpünün svaylarının uzunluğu 13-16 metr, diametri 1200 millimetrdir. Körpünün ən böyük aşırımının uzunluğu 75 metr, nəzərə alınan seysmik davamlılığı 9 baldır. Prezident İlham Əliyevə qovşağın körpü trosunun texniki göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, 30 metr uzunluğu olan tros Fransa istehsalıdır. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, qovşağın tunel hissəsi 15 aya inşa edilmişdir. Tunelin ümumi uzunluğu 400 metr, qapalı hissəsinin uzunluğu isə 55 metrdir. Müasir drenaj sistemi qurulan qovşağın yağış suları hovuzunun tutumu 530 kubmetrdir. Prezident İlham Əliyev yol qovşağının rəmzi açılışını bildirən lenti kəsdi. Qeyd edildi ki, qovşağın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Qovşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələri istiqamətində nəqliyyatın sərbəst hərəkətini təmin edəcəkdir. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB