Dünya müasir texnologiyalarla, elektron yeniliklərlə diqqətləri cəlb etsə də, bir toplumun digər topluma və dövlətlərə baxış təfəkkürü dəyişməyib. Hələ də elə dövlətlər və onların başçıları var ki, şəxsi ambisiyalarından çıxış edərək dünyada müharibələr yaratmaq, münaqişə bölgələri formalaşdırmaq xəstəliklərindən əl çəkmirlər. Belə demək olarsa, əcdadlarının öldürmək, qarət etmək, ümumilikdə amansız soyqrımları, vandalizm aktları törətmək ənənələrini davam etdirirlər. Onları xalqların birgə sülh şəraitində yaşaması, dövlətlərin təhlükəsiz formada bir-biri ilə iqtisadi, sosial, ticarət əlaqələri qurması düşündürmür. İnsanlığın daha çox əzab çəkməsi, əziyyətlərə düçar olması, şəhərlərin, kənd və qəsəbələrin dağıdılması onların beyinlərini məşğul edən əsas siyasətdir. Bunun üçün səfərbər olunublar, ona görə də ən müasir silahların istehsalı üçün milyardlarla maliyyə vəsaitləri xərcləyirlər.
Dünyada elə bir insan ola bilməz ki, Yaxın Şərqdə, eləcə də Rusiya-Ukrayna Müharibəsində bombardmanlar nəticəsində dağıdılan yaşayış məskənlərinə, yarımçıq qalan insan talelələrinə, qaçqın düşən mülki əhalinin acınacaqlı vəziyyətinə görə, təəssüf hissi keçirməsin. Fakt budur ki, sadə insanlar müharibələri, münaqişələri dayandırmaq gücünə və imkanına malik deyillər. Sadəcə haray çəkir, etirazlarını bildirirlər. Bu səs-küy isə müharibəni törədən çəlladlara gedib çıxmır. Çünki onların qulaqları kar, gözləri kordur.
Hər gün Rusiya tərəfi böyük sevinc hissi ilə Ukraynanın filan qəsəbəsini, filan kəndini aldıqlarını elan edir. Ancaq düşünülmür ki, həmin kənd və qəsəbələrdə yaşayanlardır insanlardır. Öldürülən ukraynalı, evindən didərgin düşən mülki əhali elə Rusiya prezidenti Vladimir Putin, Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiyanın digər hərbi, siyasi rəhbərlərinə oxşayırlar. Geyimləri, keçimləri eynidir, danışıqları, dil və dinləri, mədəniyyətləri də fərqli deyil. Bütün bunlar Putinin vecinə deyil, Onu əsla soy-kökü, dili, mədəniyyəti bir olan süd qardaş və bacılarının qırılması, şəhərlərinin, kənd və qəsəbələrinin dağıdılması maraqlandırmır. Çünki hikkəlidir, öz ambisiyasının əsiridir. Ona görə ki, əcdadı qan üzərində hakimiyyətlərini idarə ediblər, kütləvi qətliamlarla xalqları qoxudub, əsarət altında saxlamağa çalışıblar. Lakin anlamır ki, dünya artıq 200-300 il əvvəlki dünya deyil. Bəşəriyyət kökündən dəyişib, azad, demokratik, hüquqa əsaslanan sivil cəmiyyətlər qurulur.
Ukrayna hakimiyyəti xahiş edir: "Putin heç olmasa müharibə zonasında atəş əldə olunsun"
Az qala Ukrayna hakimiyyəti yalvarır, dünyanın nüfuzlu təşkilatları xahişlər edir, ABŞ-ıın Tramp hakimiyyəti əldən-ayaqdan gedir: "Putin heç olmasa müharibə zonasında atəş əldə olunsun". Putin danışıqlara da getmir, iddialı tələb irəli sürür: "Zelenski danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin". Bu azmış kimi, Rusiya ultimatum da irəli sürür: müharibə zonasında ağ bayraq qaldırılsın, Zelensiki təslim olduqlarını elan etsin və işğal olunan ərazilər Rusiyanın ərazisi kimi tanınsın.
Təbii ki, özünə və xalqına az da olsa dəyər verən, hörmət göstərən heç bir dövlət başçısı Pustin komandasının alçaldıcı şərtlərini qəbul etməz. Tarixə əsaslanıb demək olar ki, hansı tərəfin irəliləməsi, hansının geri çəkilməsindən asılı olmayaq ədalətsiz müharibəni başlayan tərəf məğlubiyyətə məhkumdur. Bunun əyani sübutu olaraq faşist Almaniyasının birinci və ikinci dünya müharibələrini başlayan tərəf olaraq sonda acınacaqlı məğlubiyyətə düçar olmasını göstərmək olar. Ancaq bir həqiqət var ki, müharibədə ən çox fəlakətə düçar olan, ölən, yaralanan, əmlakı dağlan mülki əhali olur. İkinci dünya müharibəsində 90 milyona, bəzi məlumatlarda isə 120 milyona yaxın insan həyatını itirib. Rusiya -Ukrayna müharibəsində ümumilikdə 30 milyona yaxın işan əziyyət çəkir. Müharibə meydanında Rusiya və Ukraynadan ümumilikdə 3 milyona yaxın hərbçi öldürülüb, 7 milyona yaxın isə sağlamlığından məhrum olub, milyonlarla insan isə doğma yurd-yuvasını tərk etməyə məcbur qalıb. Bu statistika faktdır, bu faktı siyasətçilər görmək, bilmək, eşitmək istəmirlərsə, onlar insalıq hissini itirmiş vəhşilərdir.
Müharibə isə davam edir. Hər gün insanlar ölür və şəhərlər dağılır. Ukrayna böyük fəlakətlərlə, dağıntılarla üzləşsə də, Rusiya tərəfi də əhəmiyyətli ziyanlar çəkməkdədir. Təkcə son bir il ərzində Rusiyanın 14 neft emali zavodu Ukrayna dronlarının zərbələri nəticəsində sıradan çıxarılıb. Müharibənin başlandığı gündən ötən 5 ilə yaxın vaxt ərzində ən güclü dron hücumu sentyabrın 20-də baş verib. Həmin gün Ukrayna Moskva vilayətinə 1600 zərbə dronu ilə hücum edib. Moskva şəhər meri Sergey Sobyaninin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri 1600-dən çox Ukrayna dronunu vurub. O, dronların 450-sinin paytaxta yaxınlaşarkən vurulduğunu söyləyib. Bir neçə dron Kapotnyadakı Moskva Neft Emalı Zavoduna çatıb. Şahidlərin sözlərinə görə, hücumdan sonra neft emalı zavodunda yanğın baş verib. Sobyanin dronların neft emalı zavodunun ərazisinə çatdığını təsdiqləyib. Daha bir dronun Moskvada yaşayış binasına dəydiyi bildirilib. Rusiya paytaxtında Ukraynanın dron hücumu nəticəsində itki olmayıb.
Ən ağır nəticələr Moskva vilayətində qeydə alınıb. Qubernator Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və elektron müharibə sistemləri vilayətin 17 şəhərində 249 dronu vurub. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Ramenskoye rayonunda, Severnoye şossesindəki 21 mərtəbəli yaşayış binasının damı dron hücumundan sonra alovlanıb. Binadan 70 uşaq da daxil olmaqla 400 nəfər təxliyə edilib. İyirmi avtomobilə ziyan dəyib. Sofyino şəhərinin Novaya küçəsində üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib. Üçüncü mərtəbədəki altı mənzilə ziyan dəyib. 44 yaşlı qadın həlak olub. İki uşaq da daxil olmaqla daha beş nəfər yaralanıb. Orexovo-Zuyevski şəhərində PUA hücumu nəticəsində yaşlı kişi ölüb.
Moskva vilayətində dron hücumu nəticəsində 20 nəfərin yaralandığı bildirilib. Ukraynanın dron hücumunun hədəflərindən birinin Moskva vilayətinin əhəmiyyətli bir hissəsini elektrik enerjisi ilə təmin edən 22 nömrəli İstilik Elektrik Stansiyası olduğu bildirilib. Sosial şəbəkələrdə yayılmış görüntülərdə Moskvadan təxminən 20 km məsafədə Ukraynanın FP-5 "Flamingo" dronunun qalıqlarının aşkar edilib.
Avropa yeni fəlakət qarşısındadır
Bir qədər əvvəl isə az qala Rusiyanı çalxalandıran hadisə baş verdi. Məlumata görə, 250 rus əsgəri, o cümlədən zabitlər, pilotlar və artilleriyaçılar tam heyətlə Ukraynaya təslim olublar. Yayılan məlumata görə, əməliyyat nəticəsində Ukraynanın 3-cü Ordu Korpusu Novoye, Redkodub və Katerinovka yaşayış məntəqələrini azad edib, həmçinin Karpovka və Novomixlovka üzərində nəzarəti bərpa edib. Ukraynanın ümumi itkiləri 2000 nəfər təşkil edib, 250-dən çox rus hərbçisi isə əsir götürülüb. Qeyd olunur ki, Ukraynanın keçirdiyi əməliyyatla 51 km² ərazi geri qaytarılıb və nəticədə hücumun başlanğıcından bəri azad edilən ərazinin ümumi sahəsi 176 km²-ə çatıb. Əməliyyata rəhbərlik edən, korpus komandiri, briqada generalı Andriy Biletski bildirib ki, Rusiya əmin idi ki, hücumun əsas istiqaməti Şandriqolovo–Zelenaya Dolina xəttinə yönəlib: "Bu, onların həmin sektorda əks-hücumlar zamanı ehtiyat qüvvələrini mənasız yerə sərf etmələrinə səbəb oldu. Ruslar, əsasən Novoyenin ələ keçirilməsinə yönəlmiş real zərbə qarşısında hazırlıqsız yaxalandılar". Müdafiə xəttini yarmaq üçün korpus öz ixtirası olan bir sistemdən – robotlaşdırılmış kamikadze vasitələrinə çevrilən və sovetlər vaxtı istehsal edilərn BTR-60-lardan istifadə edib. Onlar düşmənin ən güclü istehkamlı mövqelərini məhv etmək məqsədilə tətbiq olunub.
Bu arada Avropa ölkələrinin müharibəyə canlı qüvvə göndərməyə hazırlaşdıqları barədə məlumatlar yayılır. Hətta Polşa, Almaniya, Fransa birgə hərbi kontigent yaratmağı planlaşdırır. Sentyabrın 30-da səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkənin hərbi təyyarələrinin havaya qaldırıb. Bu addım Rusiyanın Ukraynadakı hərəkətləri ilə əlaqələndirilib və aviasiyanın Polşanın təhlükəsizliyini təmin etmək məqsədilə preventiv tədbir kimi cəlb edildiyi qeyd olunub. Ötən həftə Polşa Rusiyanı Kalininqrad vilayəti istiqamətindən ölkənin hava məkanını pozmaqda ittiham edib. Varşavanın iddiasına görə, Branevo şəhərinin şimalında Rusiya hərbi qüvvələrinə məxsus Mi-8 helikopterinin Polşa hava məkanına qısamüddətli daxil olması qeydə alınıb. Bildirilib ki, helikopter Polşanın hava məkanında 42 saniyə qalıb.
Rusiya-Ukrayna müharibəsi Avropanın, təbii olaraq Rusiyanın sonunu gətirə bilər. Artıq vəziyyəti məcrasından çıxdığı iqtisadi, tənəzzül, sosial partlayış fonunda Rusiya -Avrpa müharibəsinin baş verməsi qaçılmaz görünür. Müharibə isə heç bir xalqa, dövlətə xeyir gətirməyib, əksinə mənasız, haqsız müharibələr dövlətlərin sıradan çıxmasına, xalqların faciələrə düçar olmalarına gətirib çıxarıb.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB