İnnovativ sahibkarlığa dövlət dəstəyi daha ünvanlı olacaq.
Dövlətin 2026-cı il yaz sessiyası dövründə rəqəmsal inkişaf strategiyasının və innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədilə dörd layihədən ibarət qanunvericilik paketi müzakirə olunaraq qəbul edilib.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, paketə daxil olan və üç oxunuşdan keçən qanunlardan biri rəqəmsal iqtisadiyyatın stimullaşdırılması və bu sahədə güzəştlərin tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinə və digər qanunlara dəyişiklikləri əhatə edib.
Onun sözlərinə görə, dövlət başçısı innovativ fəaliyyətə dövlət dəstəyi və güzəştlərlə bağlı qanunu Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq təkrar baxılması üçün Milli Məclisə qaytarıb.
Azər Əmiraslanov qeyd edib ki, Prezident tərəfindən təklif olunan dəyişikliklər innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsinə yönəlib.
Deputat bildirib ki, yenilənmiş qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub və Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab edilib. Qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Onun sözlərinə görə, qanunun yeni redaksiyasında əsas konsepsiya dəyişmir. Təklif olunan dəyişikliklər isə həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir.
“Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır”, – deyə deputat bildirib.
Azər Əmiraslanov qeyd edib ki, yeni dəyişikliklərlə innovativ fəaliyyətə dövlət dəstəyinin konkret meyarlarla, o cümlədən ixrac göstəriciləri və ölkəyə valyuta daxilolmaları ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Deputat vurğulayıb ki, güzəştlərin tətbiq sahəsinin genişləndirilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlara yönəldilməsi də təklif olunur.
Bildirilib ki, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından da mühüm əlavələr edilir.
“Dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticələrə görə hədəfləyir. Söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir”, – deyə deputat qeyd edib.
O əlavə edib ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişən sahə olduğundan bu istiqamətdə hüquqi tənzimləmə mexanizmlərinin və qanunvericiliyin davamlı təkmilləşdirilməsi zəruridir.
Deputat sonda innovasiya ekosisteminə dövlət dəstəyi ilə bağlı qanunun Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsini məqsədəuyğun hesab etdiyini bildirib və layihənin təqdim olunan redaksiyada səsə qoyulmasını təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB