Milli Məclis komitələrinə bəyanat vermək səlahiyyəti verilməlidir -SAHİB ALIYEV

Milli Məclis komitələrinə bəyanat vermək səlahiyyəti verilməlidir -SAHİB ALIYEV

Müstəqil araşdırmalar göstərir ki, qanunvericilik sahəsində düşüncə və yanaşmaların tamamilə möhkəmlənməsi baxımından müəyyən zəifləmə müşahidə olunur.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin 2026-cı il payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara edilən dəyişikliklərdən sonra sosial şəbəkə platformaları, provayderlər və alqoritmlər üzərində müəyyən nəzarət mexanizmləri qanunvericiliyə gətirilib.

Sahib Alıyev qeyd edib ki, mövcud vəziyyətin daha da təkmilləşdirilməsi üçün Avropa ölkələrinin təcrübəsi nəzərə alınmalıdır.

Deputat həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanuna dəyişiklik edilməsini təklif edib. Onun sözlərinə görə, son illərdə Milli Məclisin parlament diplomatiyası, siyasi, ideoloji və kommunikativ fəaliyyətində mühüm yeniliklər həyata keçirilib.

“Baş verən hadisələrə daha operativ reaksiya verilməsi üçün Milli Məclisin komitələrinin öz fəaliyyət profillərinə uyğun məsələlərlə bağlı bəyanat verməsi zərurəti yaranır”, – deyə deputat bildirib.

Sahib Alıyev nümunə kimi İnsan hüquqları, dini qurumlar və ictimai birliklərlə iş komitəsinin Azərbaycanda din azadlığı sahəsində vəziyyətlə bağlı səsləndirilən fikirlərə münasibət bildirən bəyanat verə bilməsinin mümkünlüyünü qeyd edib.

Deputat bunun üçün “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunun 6-cı maddəsinə dəyişiklik edilməsinin vacib olduğunu vurğulayıb. O bildirib ki, hazırda həmin maddədə komitələrin əsasən rəy və qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə