Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir

Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının IX konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən, partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən bəhs olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

S.Baxşıyev qeyd edib ki, hesabat dövründə təşkilati işin gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, siyasi maarifləndirmə və ideoloji işin təşkili əsas məsələlər sırasında olub. Eləcə də, rayon təşkilatı tərəfindən müxtəlif ictimai-siyasi və sosial əhəmiyyətli tədbirlər, görüşlər, dəyirmi masalar və maarifləndirici layihələr keçirilib. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlər təşkil olunub, onların qayğı və problemlərinə həssaslıqla yanaşılıb. Gənclərlə işin gücləndirilməsi, onların dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin partiya fəaliyyətində fəal iştirakının təmin edilməsi də əsas istiqamətlərdən olub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm və aparıcı rolundan bəhs edib. O, partiyanın Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Deputat Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlara, tarixi Zəfərə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına diqqət çəkib. Onun sözlərinə görə, davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir. M.Məmmədli YAP Siyəzən rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov çıxışında Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi işlərin əhəmiyyətini vurğulayıb. O.Bayramov qarşıdakı dövrdə təşkilati fəaliyyətin daha da gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması və gənclərlə işin genişləndirilməsinin vacibliyini bildirib.

Çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov da Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, ölkədə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, regionların sosial-iqtisadi inkişafından bəhs edib. N.Novruzov YAP Siyəzən rayon təşkilatının rayonun ictimai həyatında fəal iştirak etdiyini bildirərək, təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə