"Bakı–Tehran münasibətlərində yeni mərhələ region üçün mühüm imkanlar yaradır" - MİLLƏT VƏKİLİ

"Bakı–Tehran münasibətlərində yeni mərhələ region üçün mühüm imkanlar yaradır" - MİLLƏT VƏKİLİ

"Tehranla Bakı arasında münasibətlərin möhkəmlənməsi İranın regional siyasətində, xüsusilə Cənubi Qafqaz və onun ətrafındakı geosiyasi reallıqlarda əhəmiyyətli və konstruktiv dəyişikliklərə gətirib çıxara bilər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Prezident Məsud Pezeşkianın rəhbərliyi dövründə formalaşan bu yaxınlaşma və dövlət başçılarının ŞƏT sammiti çərçivəsində keçirdiyi görüşlər İranın Azərbaycanla bağlı regional strategiyasında müsbət dəyişikliklərə yol açır:

"Azərbaycan yaxın tarix ərzində, yəni ABŞ və İsrail İranı zərbələrə məruz qoyduğu məqamlarda da, İranda daxili üsyanlar olanda da heç bir halda İrana qarşı hər hansı bir addım atmamışdı. İranın nə daxili, nə də xarici siyasətinə qarışmamışdı. Öz ərazisindən İran üçün xarici qüvvələr tərəfindən zərbə və ya fərqli bir təxribat həyata keçirilməsindən istifadəyə ümumiyyətlə razı olmamışdı.

İndi İran Prezidenti Pezeşkian mülayim siyasət xətti yeridən, çoxşaxəliliyi anlayan, yeni dünyanı görən siyasəti təmsil edir. Azərbaycan kimi böyüməkdə olan, artıq orta güc kimi formalaşmış bir dövlətlə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat xətlərində əvəzolunmaz tranzit qovşağı olan bir ölkə ilə münasibətləri korlamaq heç bir halda İranın maraqlarına uyğun deyil, əksinə, ziyandır.

Azərbaycan–İran münasibətləri son illərdəki gərginliklərdən sonra yenidən canlanmağa başlayıb. İki ölkə arasında qarşılıqlı səfərlər intensivləşib. Artıq Azərbaycan–İran münasibətləri sadəcə diplomatik protokol çərçivəsində deyil, real əməkdaşlıq formatında inkişaf etməyə başlayıb. Nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri, Araz çayı üzərindəki infrastruktur qurğuları, eləcə də Cənubi Qafqazda sabitliyin təşviqi bu münasibətlərin yeni sütunlarına çevrilir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə