“Azərbaycan sülh gündəliyinə sadiqdir, Ermənistan öhdəliklərini yerinə yetirməlidir” - MİLLƏT VƏKİLİ
"Azərbaycan sülh gündəliyinə sadiqdir və paraflanmış sülh mətninin imzalanması üçün Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməlidir. Ermənistan siyasi rəhbərliyinin sonuncu seçkilərdə qalib gəlməsi və 2026-cı ilin sonu və 2027-ci ildə yeni referendumun keçirilməsi ilə bağlı da qərarın verilməsinə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, artıq biz Ermənistan tərəfindən məhz referendumun keçirilməsi ilə bağlı siqnallar almaqdayıq:
"Xüsusilə də heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında mütəmadi olaraq danışıqların və görüşlərin keçirilməsi çox yaxşı haldır. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan məhz qarşılarına qoyduqları məqsədə çatmaq üçün birgə səylərini artıracaqlar. Artıq Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir. Biz bunu gözləyirdik.
Ancaq buna paralel olaraq Azərbaycan tərəfinin, cənab Prezidentin humanist addımı nəticəsində artıq Ermənistana yüklərin tranzit yolla Azərbaycandan keçərək daşınması reallaşdırılır. Azərbaycan məhsullarının Ermənistana çatdırılması və Ermənistan bazarında satışı həyata keçirilir. Bişkek görüşündən sonra biz belə bir qənaətə gələ bilərik ki, artıq Ermənistandan da hansısa məhsulların alınması məsələsi də sürətlənə bilər. Artıq bununla bağlı müəyyən addımların atılacağına biz inanırıq.
Buna paralel olaraq Zəngəzur dəhlizinin bir hissəsi olan TRIPP layihəsinin də reallaşması üçün Ermənistan tərəfindən real addımlar atılması gözlənilir. Azərbaycan artıq öz ərazisindən keçən dəmir yolu və avtomobil yollarının tikintisini, demək olar ki, yekunlaşdırır. Naxçıvanda da artıq yenidənqurma işləri həyata keçirilir. Təkcə 42 kilometrlik Ermənistan ərazisində də bu işlərin başlanılmasına Ermənistan tərəfi start verməlidir.
ABŞ və Ermənistan arasında birgə şirkətin yaradılması prosesi yekunlaşıb, artıq onun reqlamenti müəyyənləşdirilib. Hər halda, Rusiya ilə bu məsələ Ermənistan tərəfindən razılaşdırıldıqdan sonra məhz bu problem də öz həllini tapacaqdır.
Faktiki olaraq Azərbaycan götürdüyü bütün öhdəlikləri və ya həll etmək istədiyi bütün məsələləri artıq həll edibdir. Yük və görülməli işlər Ermənistan tərəfində qalıbdır. Və bu baxımdan da bu cür görüşlərin keçirilməsi təqdirəlayiq haldır.
Biz hər dəfə Ermənistan tərəfinin bu prosesdə nə qədər səmimi olub-olmadığını bir daha görürük. Ermənistan Baş naziri Nikol Paşinyanın həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq və iqtisadi əlaqələri inkişaf etdirmək marağında olduqlarını fikrini bir daha dilə gətirməsi onu deməyə imkan verir ki, demək ki, Ermənistan verdiyi sözü tutmaq niyyətindədir və bununla əlaqədar real işlər görülür.
Tərəflərarası komissiyaların da mütəmadi olaraq görüşləri keçirilir, ictimaiyyət nümayəndələri, ictimai fəallar arasında qarşılıqlı səfərlər həyata keçirilir. Bütün bunlar bu prosesin məntiqi nəticəsini əldə etmək üçün atılması vacib olan addımlardır.
Biz inanırıq ki, Ermənistan tərəfi götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir, Azərbaycana qarşı ərazi iddialarından tam olaraq əl çəkəcəkdir və öz ana qanununda da lazımi dəyişikliklər edəcəkdir. Həm kommunikasiyaların açılması məsələsi reallaşacaqdır, eyni zamanda yaxın gələcəkdə sülh əldə olunarsa, biz diplomatik əlaqələrin də güclənməsinə və inkişaf etdirilməsinə, eyni zamanda iqtisadi münasibətlərin daha da dərinləşməsinə şahidlik edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB