"Prezident İlham Əliyevin Özbəkistanın ali mükafatı ilə təltifi dostluğumuzun göstəricisidir" - DEPUTAT

"Prezident İlham Əliyevin Özbəkistanın ali mükafatı ilə təltifi dostluğumuzun göstəricisidir" - DEPUTAT

"Cənab Prezidentimizin Özbəkistanın ali dövlət mükafatı ilə təltif edilməsi onun fəaliyyətinin dost ölkədə yüksək qiymətləndirilməsinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda, Azərbaycana və Azərbaycan xalqına verilən böyük qiymətdir. Bu addım özbək xalqının Azərbaycana olan sevgisinin, qardaşlıq münasibətlərinin və ölkələrimiz arasında mövcud dostluğun göstəricisidir:

"Cənab Prezidentimiz xarici ölkələrlə münasibətlərdə hər zaman əməkdaşlığı, sülhü, əmin-amanlığı əsas tutur. Türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi isə Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

Özbəkistan təkcə regionda deyil, dünyada nüfuzu olan və gündən-günə inkişaf edən unikal dövlətlərdən biridir. Özbəkistanda Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirilir. Azərbaycan tarixi, mədəniyyəti və musiqisi özbək xalqı tərəfindən sevilir. Təsadüfi deyil ki, Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan pedaqoji universitet fəaliyyət göstərir. Universitetin binasının iki ölkə liderinin iştirakı ilə birgə açılması dostluğumuzun rəmzinə çevrilib. Eyni zamanda, Özbəkistanda Azərbaycan dili fakültəsinin fəaliyyət göstərməsi də xalqlarımız arasındakı mənəvi bağların daha bir göstəricisidir.

Azərbaycanda da Özbəkistanla dostluq münasibətlərinə xüsusi diqqət yetirilir. Azərbaycan Özbəkistanda bir sıra iri iqtisadi layihələr həyata keçirir. Azərbaycan Beynəlxalq Bankının Özbəkistanda fəaliyyət göstərən Avrasiya İnkişaf Bankının əsas səhmlərini əldə etməsi Özbəkistan iqtisadiyyatının maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Bakı Dövlət Universitetində magistratura pilləsində özbək dili və ədəbiyyatı ixtisasının tədris olunması da ölkəmizin Özbəkistana göstərdiyi böyük diqqətin nümunələrindən biridir.

Cənab Prezidentimizin yüksək dövlət mükafatı ilə təltif edilməsi Azərbaycan xalqı tərəfindən böyük hörmət və təqdirlə qarşılanıb. Hesab edirik ki, bundan sonra da Azərbaycan–Özbəkistan əlaqələri həmin mükafatın adına uyğun olaraq dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf edəcək".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə