"İranın əsas məqsədini müəyyənləşdirmək hələ də çətindir" - ŞƏRH EDİLDİ

"İranın əsas məqsədini müəyyənləşdirmək hələ də çətindir" - ŞƏRH EDİLDİ

"İranı başa düşmək o qədər də asan deyil. Bir tərəfdən danışıqlar aparmaq istədiklərini bildirirlər, digər tərəfdən isə Körfəz ölkələrinə xəbərdarlıq xarakterli bəyanatlar verirlər".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib:

"Bu isə belə bir sual yaradır: İranın əsas məqsədi müharibədir, yoxsa diplomatik həll yolu?

Əgər məqsəd danışıqlardırsa, bunun üçün imkanlar mövcuddur. ABŞ, Körfəz ölkələri və müxtəlif vasitəçi dövlətlər dialoqa hazır olduqlarını dəfələrlə bəyan ediblər. Əgər məqsəd qarşıdurmadırsa, bu halda paralel şəkildə danışıqlara çağırışlar edilməsi ziddiyyətli görünür.

Müşahidə olunan mənzərə onu göstərir ki, İran daxilində vahid mövqe formalaşmayıb. Müxtəlif siyasi və hərbi dairələr fərqli mesajlar verirlər. Bu isə ölkənin xarici siyasətində ardıcıllığın olmaması təəssüratı yaradır. Bir tərəfdən diplomatik yanaşmanı dəstəkləyən mövqelər səsləndirilir, digər tərəfdən isə daha sərt bəyanatlar verilir. Nəticədə İranın hansı xətti əsas götürdüyünü anlamaq çətinləşir.

Bu baxımdan, Abbas Əraqçinin açıqlamaları da mövcud vəziyyəti köklü şəkildə dəyişəcək amil kimi görünmür. O, İran rəhbərliyində diplomatik kanalların açıq saxlanmasının tərəfdarlarından biri kimi qiymətləndirilsə də, ölkə daxilində müxtəlif güc mərkəzlərinin fərqli mövqelər nümayiş etdirməsi onun səylərinin effektivliyini azalda bilər.

Hesab edirəm ki, İran ilk növbədə öz daxilində vahid siyasi mövqe formalaşdırmalıdır. Yalnız bundan sonra beynəlxalq tərəfdaşlarla aparılan danışıqlar daha səmərəli nəticə verə və regionda gərginliyin azalmasına real töhfə göstərə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə