"Revanşist qüvvələrin şansları yüksək deyil" - ŞƏRH EDİLDİ

"Ermənistanda mövcud siyasi vəziyyətə nəzər saldıqda, mənə elə gəlir ki, hazırkı vəziyyət baş nazir Nikol Paşinyan üçün daha əlverişlidir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti artıq müharibə mərhələsini arxada qoymaq və dinc quruculuq yoluna keçməkdə israrlıdır".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Cəmiyyət görür ki, Nikol Paşinyan bu istiqamətdə müəyyən nəticələr əldə edə bilir və ölkəni irəli aparmağa çalışır. Əlbəttə, revanşist qüvvələr də passiv deyil. Xüsusilə Robert Köçəryanın başçılığı altında müəyyən siyasi aktivlik müşahidə olunur. Eyni zamanda Ermənistan kilsəsinin də bu proseslərə cəlb edilməsi artıq ənənəvi hal alıb.

Digər tərəfdən, Rusiya faktorunun da bu qüvvələrə müəyyən dəstək verdiyi müşahidə olunur. Bu baxımdan, kənardan baxdıqda vəziyyət mürəkkəb təsir bağışlaya bilər.

Lakin Ermənistan daxilində ictimai rəyi diqqətlə təhlil etdikdə aydın olur ki, revanşist qüvvələrin və onları dəstəkləyən dairələrin şansları yüksək deyil. Əksinə, cəmiyyətin böyük hissəsi mövcud kursun davam etməsinə üstünlük verir.

Bu səbəbdən ehtimal etmək olar ki, qarşıdan gələn seçkilərdə Nikol Paşinyan qalib gələcək. Bundan sonrakı mərhələdə isə Ermənistan üçün mühüm addımlar gündəmdə olacaq: konstitusiya islahatları və Azərbaycanla sülh müqaviləsinin imzalanması. Gözləntilərə görə, yaxın dövrdə, ehtimal ki, 2026-cı ilin payızına doğru, Nikol Paşinyan Azərbaycanla artıq paraflanmış sülh müqaviləsini imzalaya bilər. Bu isə onun siyasi karyerasında mühüm dönüş nöqtəsi olacaq və adını tarixə yazdıra bilər.

Sülh müqaviləsinin imzalanmasından sonra isə yeni mərhələ başlayacaq. Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması, diplomatik münasibətlərin qurulması və iqtisadi-ticari əlaqələrin genişlənməsi Ermənistanın sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər.

Belə bir şəraitdə revanşist qüvvələrin son cəhdləri də nəticəsiz qalacaq və Ermənistan yeni, daha sabit və inkişaf yönümlü mərhələyə qədəm qoyacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə