ABŞ-dan İrana son 48 saat!

Vaşinqton Tehrandan 48 saat ərzində konkret təklif gözləyir.

SİA xarici KİV-ə istinadən məlumat verir ki, razılaşma əldə olunmasa, birbaşa İranın Ali dini lideri Əli Xameneini hədəf ala biləcək əməliyyatın başlaya biləcəyi iddia edilir. Dünya ictimaiyyətinin diqqətlə izlədiyi ABŞ-İran böhranında son vəziyyət belədir.

ABŞ tərəfi bildirib ki, İran 48 saat ərzində ətraflı nüvə sazişi təklifi təqdim edərsə, danışıqların davam etdirilməsinə hazırdır. ABŞ mətbuatında yayılan məlumatlara görə, yüksək vəzifəli amerikalı rəsmi Vaşinqtonun İran təklif təqdim etdiyi halda cümə günü İsveçrənin Cenevrə şəhərində yeni nüvə danışıqlarına başlamağa hazır olduğunu qeyd edib.

Rəsminin sözlərinə görə, İran layihə təqdim edərsə, ABŞ tərəfi tam nüvə razılaşmasının mümkün olub-olmadığını müəyyən etmək üçün detallı müzakirələrə başlamağa hazırdır. Tərəflərin tam razılaşmadan əvvəl müvəqqəti saziş variantını da müzakirə edə biləcəyi bildirilib.

ABŞ rəsmilərinin qiymətləndirməsinə əsasən, hazırkı diplomatik təşəbbüs ABŞ prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneini birbaşa hədəf ala biləcək genişmiqyaslı əməliyyata başlamazdan əvvəl Tehrana verilən “son şans” kimi dəyərləndirilir.

ABŞ və İran arasında nüvə danışıqları 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılmışdı. Daha sonra 6 fevralda Oman vasitəçiliyi ilə yenidən başlanmış, ikinci görüş isə 18 fevralda Cenevrədə keçirilmişdi.

Açıq mənbə kəşfiyyat məlumatları və analitiklərin qiymətləndirmələri ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu son illərin ən yüksək səviyyəsinə çatdırdığını göstərir. Artan hava daşımaları 2003-cü ildə İraqın işğalından bəri bölgədə görülən ən genişmiqyaslı hərbi gücləndirmə kimi şərh olunur.

Məlumatlara görə, ABŞ-ın Virciniya ştatındakı Joint Base Langley-Eustis hərbi bazasından havaya qalxan 12 ədəd F-22 tipli qırıcı təyyarə Atlantik okeanını keçərək Böyük Britaniyadakı RAF Lakenheath bazasına enib və yaxın günlərdə Yaxın Şərqə göndərilməsi gözlənilir.

Bundan əlavə, ABŞ bölgəyə 6 ədəd E-3 Sentry AWACS hava erkən xəbərdarlıq və idarəetmə təyyarəsi də göndərib. Şərqi Aralıq dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq tanker təyyarələrinin kəşfiyyat təyyarələrinə yanacaq ötürdüyü müşahidə olunub. Analitiklər bunu İran ərazisində strateji nöqtələrin izlənməsi kimi qiymətləndirir.

Bölgədəki hərbi aktivlik mülki uçuş izləmə platformalarında da öz əksini tapıb. Flightradar24 məlumatlarına görə, son bir həftə ərzində dünyada ən çox izlənilən uçuşların böyük hissəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus reyslər təşkil edib.

2025-ci ilin iyunundan bəri dənizdə olan USS Gerald R. Ford aviadaşıyıcısının xidmət müddəti uzadılıb və mümkün İran əməliyyatlarına dəstək məqsədilə Yaxın Şərqə yönləndirilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə