"Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə dair müəyyən çərçivələr hazırlayırlar" - ŞƏRH EDİLDİ
"ABŞ prezidenti Donald Trump ikinci dəfə Ağ Evə rəhbərlik etməyə başladıqdan sonra Vaşinqtonun qlobal və regional siyasətinin təzahürlərində fərqli məqamlar üzə çıxmağa başladı. Bu fərqli məqamlar, əslində, Birləşmiş Ştatların hegemoniyasını yeni dünya nizamı fonunda yeniləmək səyləri və istəklərindən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatılar Mərkəzinin əməkdaşı, siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar dünyanın əsas güclərindən biri olmaqla, yenilədiyi siyasəti bütün regionlara səpələmək və regionlarda maksimum dərəcədə öz strateji maraqlarına uyğun dividendlər əldə etməyə çalışır: "Təbii ki, bu məqam Azərbaycanın da diqqətindən kənarda qalmır. Onsuz da Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlığa yaxın olan əlaqələr müstəqillik dövründən etibarən mövcud olub. Lakin Donald Trump administrasiyası dövründə bu münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması prioritetləşdirildi. Bunun əsas səbəblərindən biri isə Ağ Evin əvvəlki administrasiyalarından fərqli olaraq Trump administrasiyasının Azərbaycan-Ermənistan münasibətləri kontekstində tutduğu konstruktiv mövqedir.
Bu konstruktivlik Azərbaycan üçün sərfəli variantlar və strateji şəkillənmədə Bakının mövqeyini gücləndirə biləcək alətlər təqdim etdiyinə görə, Azərbaycan təbii olaraq Trumpun bu siyasətinə dəstək verir. Strateji tərəfdaşlıq münasibətlərinin gələcək konturları artıq iki dövləti təhlükəsizlik və siyasi sahələrdə böyük bir vizyona daxil edəcəyi təsəvvürünü yaradır. Bu səbəbdən də, Azərbaycan və ABŞ hazırda bu münasibətlərin gələcəyinə dair müəyyən çərçivələr hazırlayırlar. Bu çərçivələr birincisi, Cənubi Qafqazda qarşılıqlı maraqlar prizmasında Azərbaycan-ABŞ münasibətlərini irəliyə aparacaq. İkincisi, ABŞ münasibətlərinin konteksti yaxın Şərqdə Azərbaycanın artan oyunçuluq qabiliyyəti ilə güclənə bilər. Üçüncüsü isə ABŞ münasibətləri Mərkəzi Asiya kontekstində xüsusi əhəmiyyət və çəki qazana bilər.
Bütün bunların fonunda ABŞ üçün Xəzər dənizi təhlükəsizliyinin qorunması prioritet kimi ön plandadır və bu, ABŞ-Azərbaycan münasibətlərində Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarında ABŞ-ın da aktiv iştirakını təşviq edir. Azərbaycan artıq ABŞ üçün etibarlı tərəfdaşdır və Donald Trump administrasiyasının yürütdüyü siyasət Azərbaycan üçün də məqbuldur. Lakin rəsmi Bakı bir çox regional və təhlükəsizlik risklərini də analiz edir. Bu, ABŞ-ın İranla bağlı siyasəti, İran-Rusiya münasibətlərindəki sövdələşmələr və ya rəqabət tonunun dəyişməsi ilə bağlı narahatlıqları da əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB