"Bu səfər strateji əhəmiyyət daşımır" - ŞƏRH EDİLDİ

"Pezeşkiyanın Ermənistana səfəri, Azərbaycanda da böyük maraqla izlənildi. Ümid edirdik ki, bu səfər barışdırıcı olacaq və ortaq məqamlarla diqqət çəkəcək. Lakin Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edən, bəlkə də kiçik, amma simvolik baxımdan çox önəmli bir detal ortaya çıxdı". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu da Pezeşkiyanın bir müddət öncə Azərbaycana səfəri zamanı yaxasında yalnız İran bayrağını daşıması, Ermənistana səfəri zamanı isə həm İran, həm də Ermənistan bayrağını yaxasında gəzdirməsidir.

Bu, təbii ki, Azərbaycanda suallar doğurdu: Niyə Pezeşkiyan Azərbaycana səfər zamanı bu addımı atmadı, amma Ermənistana gedərkən etdi? Biz Pezeşkiyana güvənməkdə haqlıyıqmı? Bu suallara cavabı yalnız Pezeşkiyanın özü, gələcək davranışları ilə verə bilər.

Ümumiyyətlə, Ermənistan–İran münasibətləri tarixən isti olub: "Onlar bir-birini “qardaş ölkə” adlandırır və qarşılıqlı dəstək göstərirlər. Bu baxımdan, Pezeşkiyanın səfəri hər hansı fövqəladə və ya gözlənilməz nəticə vəd etmir. Mən bu səfəri sadəcə adi diplomatik səfər kimi dəyərləndirirəm.

Ermənistanın irəliləməsi üçün əsas və yeganə şərt Azərbaycanla normal münasibətlər qurmaqdır. Bu baş vermədikcə, İran və ya başqa hər hansı ölkənin dəstəyi ilə Ermənistanın irəliləməsi mümkün olmayacaq. Bu səbəbdən, Pezeşkiyanın səfəri bizim üçün strateji əhəmiyyət daşımır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə