”Hazırda ABŞ-da aparılan müzakirələri, imzalanan sənədləri, verilən qərarları Prezident İlham Əliyevin növbəti diplomatik və praktik qələbəsi kimi qiymətləndirməliyik. Öncə onu qeyd edim ki, ABŞ-da baş mühüm, strateji görüşün hazırlıq mərhələsi təbii olaraq maksimum məxfi aparılıb, heç bir tərəf öncədən məlumat verməyib. Səbəbləri də sirr deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Yalnız 5 avqustda Ağ Ev tərəfindən açıqlama yayıldı ki, avqustun 8-də Əliyev-Tramp, Əliyev-Tramp-Paşinyan görüşləri olacaq.
Şübhəsiz ki, görüş regional sabitliyin davamlı qorunması, sülh prosesi üzrə sənədin imzalanması, ABŞ-Azərbaycan arasında ikitərəfli strateji əhəmiyyətli müqavilələr, digər qərarların, razılaşmaların əldə olunması məqsədi daşıyır.
Azərbaycan 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaradıb. 2023-cü ilin sentyabrında 1 günlük anti-terror tədbirlərinin keçirilməsi ilə Qarabağda separatçı rejimin məhvindən, ardınca sülhməramlı kontingentin Azərbaycandan çıxarılmasından sonra isə regionda tamamilə yeni tendensiya formalaşıb. Bunun müəllifi isə Azərbaycan lideridir.
Etiraf edək ki, postmüharibə dövründə Qərb, Avropa dövlətləri bu reallıqları qəbul etmək istəmir, sülh müqaviləsinin olmaması üçün müxtəlif təxribatlar törədir və Azərbaycana təzyiqlər edirdilər. Prezident İlham Əliyev isə dəfələrlə bəyan etdi ki, heç bir təzyiqlə onun siyasətinə, Azərbaycanın mövqeyinə, haqq işinə mane olmaq mümkün olmayacaq, biz heç bir təhdidə boyun əyməyəcəyik.
Eyni zamanda 2024-cü ildə çıxışlarından birində bəyan etdi ki, hər kəs Azərbaycanın yaratdığı və haqlı olduğu reallıqları qəbul etməlidir, rəsmi Bakı ilə əməkdaşlıqdan başqa heç bir variant keçərli ola bilməz.
Və budur: Dünyanın superdövləti də haqlı Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir, ABŞ-da görüş təşkil olunur. Bu, Prezident Əliyevin möhkəm iradəsinin, usta, praqmatik siyasətinin növbəti uğurlu nəticəsi, növbəti diplomatik və praktik qələbəmizdir! ABŞ-da Əliyev-Tramp görüşü həm də strateji, əməkdaşlıq, müasir dünya düzəni, enerji məsələləri baxımından ciddi dividentlər qazandıra bilər.
Sülh prosesi ilə bağlı ABŞ-ın vasitəçiliyi və təşəbbüsü üzrə müzakirələr şübhəsiz ki, minimum 6-7 ay öncədən başlayıb. Artıq uğurlu nəticələr ortadadır və Azərbaycan Prezidentinin usta siyasəti nəticəsində proses bütövlükdə ölkəmizin milli və dövlət maraqları çərçivəsində reallaşır.
8 avqustda, Bakı vaxtilə saat 23 radələrində imzalanacaq sənədlər, veriləcək qərarlardan sonra bunun perspektivləri, nəticələri haqda dəqiq danışa biləcəyik. Ehtimallarla danışmaq yolverilməzdir, ziyanlıdır.
Hələlik dəqiq olan bir məsələ var: artıq tam aydındır ki, Rusiya niyə Azərbaycana qarşı xoşagəlməz addımlar atırdı. Əlində olan təzyiq rıçaqlarının hamısını işə salmışdılar. Bütün siyasi təxribatlar və təxribatçılar işə düşmüşdü. Kremlinin danışan dilləri açıq hədələr, təhdidlər səsləndirirdilər. Deməli, məqsəd Azərbaycana təzyiq göstərmək, sülh prosesini növbəti dəfə pozmaq idi. Lakin nail ola bilmədilər. Çünki möhkəm iradəyə sahib Azərbaycan lideri konkret bəyan etmişdi: "Heç bir təzyiqə, təhdidə boyun əyməyəcəyik!".
Bu gün ABŞ-da keçirilən görüşlərdə mühüm tarixi sənədlər imzalanır, qərarlar verilir. Azərbaycan liderinin uğurlu xarici siyasətinin nəticəsində inanılmazlar gerçək olur! İmzalanan sənədlər ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açır, Naxçıvanla birbaşa əlaqəni təmin edən Zəngəzur dəhlizini işə salır, regionda siyasi mənzərəni kökündən dəyişir, Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanmasına razılıq əldə edilir. Əslində, dünyanın gözü ABŞ-da deyil, nəzərlər Vaşinqtondan Cənubi Qafqaza, Azərbaycana, Zəngəzura yönəlir. Amerikada gedən danışıqları izləyən milyonlarla insan indi xəritədə Birləşmiş Ştatları yox, Qarabağı, Azərbaycanı, Zəngəzuru, Naxçıvanı axtarır... Faktiki Qarabağ Zəfəri nəinki regionda, dünyada dəngələri dəyişir. Böyük tarixi hadisələrə şahidlik edirik. Hazırda gedən prosesləri uzun illərdir dartışılan yeni dünya nizamının yekunlaşma, anlaşma mərhələsi kimi də qiymətləndirə bilərik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə