Nyu-Yorkda “İpək Yolu-2025” adlı beynəlxalq festival təşkil olunub

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Okeana” teatrında “İpək Yolu-2025” adlı beynəlxalq festival keçirilib.

SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, festival komitənin dəstəyi, “My Way” (“Mənim Yolum”) Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin təşkilatçılığı, Nyu-Yorkun şəhər mədəniyyət departamentinin, Şəhər Şurası qubernatorunun dəftərxanasının, Ştat üzrə Qanunvericilik Məclisinin və digər dövlət qurumlarının birgə tərəfdaşlığı ilə gerçəkləşdirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Çin, Monqolustan, Hindistan, Qazaxıstan, Özbəkistan, İsrail, Türkiyə və digər ölkələrin musiqiləri, rəqsləri təqdim olunub. ABŞ-ın Nyu-York, Nyu-Cersi, Meyn, Kaliforniya ştatlarından olan 200-dən çox etnik qrupun yaradıcı kollektivi öz məharətini nümayiş etdirib. Festivalda “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəqs qrupu Qafqaz rəqsləri, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sound of Fire” (“Alovun Səsi”) nağara qrupu musiqi nömrələri ilə çıxış ediblər, Meyn ştatından olan soydaşımız Səbinə Nəcəfova tərəfindən “Uzundərə” rəqsi ifa olunub. Konserti 1100-dən çox tamaşaçı izləyib.

Sonda festivalın təşkilatçısı – “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya Nyu-York şəhərin meri Erik Adamsın, Nyu-York Şəhər Assambleyasının üzvləri - Maykl Novaxov və Uilyam Koltonun və Nyu-York Şəhər senatı Stefan T.Çanın adından sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə