İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlməyin onun üçün böyük şərəf olduğunu, bu ikinci səfəri zamanı ona göstərilən sevgi və səmimiyyətə görə minnətdarlığını bildirən məşhur yoqin məktubunda, həmçinin qeyd edib: “Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyi edir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətli çirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıl dünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır. Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğuna dair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraq Azərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyinin bərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, su təhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyaya təsirini nümayiş etdirmək imkanı var.
“Save Soil” hərəkatı inkişaf edən və zəngin nemətlərə malik planetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl və daha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədilə ölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün Mərkəzi Asiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyi təklif edəcəyik”.
Sadhquru bu möhtəşəm tədbirə ev sahibliyinə, o cümlədən səmimi və yüksəksəviyyəli qonaqpərvərliyə görə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, minnətdarlıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə