Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü - ŞƏRH EDİLDİ

“44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün yeni xəbərlər alırdıq, Azərbaycan Ordusunun irəli getdiyi barədə Prezidentimizin verdiyi məlumatları eşidəndə sevincimizin həddi-hüdudu olmurdu, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Əsgər və zabitlərimiz yalnız bir amalla vuruşurdu, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Müharibə dövründə xalqımızın mətnliyi, mərdliyi, bir yumruq kimi birləşməsi, vahid komandanlığa, İlham Əliyevə sadiq qalması birliyimizi və gücümüzü daha da artırdı. Ordu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi. Əslində bu, həm içimizdəki, həm də çölümüzdəki düşmənlərə mesaj idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Azərbaycan tərəfindən icra edilməsi 30 illik ədalətsizliyə son qoydu, həm də Azərbaycan xalqının başını ucaltdı, düşməni xar etdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, 8 noyabr- Şuşanın erməni qəsbkarlarından azad olunması şanlı tariximizə qızıl hərflərlə yazılacaq hadisədir: “Qəhrəman Azərbaycan Ordusunun rəşadətli döyüşləri nəticəsində Şuşanın düşmən tapdağından azad edilməsi ilə ermənilərin qondarma iddiasına son qoyuldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut və digər qədim yaşayış məskənlərimiz işğaldan azad olundu. Şuşa işğaldan azad edildi, bu isə öz növbəsində həm strateji və hərbi baxımdan, həm də mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır.

"Mən ona özüm qədər inanıram" – deyən Ulu Öndər Heydər Əliyevin yolunu inamla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev zəkasının qüdrəti ilə ona bəslənən ümidi doğrultdu və xalqımızı Zəfər Yoluna çıxartmağı bacardı. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. "Şərqin konservatoriyası" adlandırılan Şuşa unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Bəli, 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə rəşadətli əsgər və zabitlərimizin şücaəti tarixi zəfəri tezləşdirdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə