"Əsrin müqaviləsi": uğurlu gələcəyimizə açılan yol ŞƏRH

Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılan bu kontraktın gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilə ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisi kimi tarixdə yer aldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalanmışdı, amma "Əsrin müqaviləsi"nin imzalanması, məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən birinə çevrildi. Həmin tarixi anları Azərbaycan Prezidenti İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan" sarayında imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Daha sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu və böyük uğurların qazanılmasında müstəsnalıq təşkil etdi.

İlkin hesablamalara görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı.

"BİZ BELƏ BİR ADDIM ATMAQLA AZƏRBAYCANIN DÜNYA ÜÇÜN, DÜNYA İQTİSADİYYATI ÜÇÜN AÇIQ ÖLKƏ OLDUĞUNU NÜMAYİŞ ETDİRİRİK"

"Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq".

Vurğulamaq yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından tanış olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı.

AZƏRBAYCAN NEFTİ ŞİMALA YOX, QƏRBƏ İSTİQAMƏT GÖTÜRDÜ

1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanıldı və ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürdü. Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqliidi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədər neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac-boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəllərində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Məhz bu layihədən əldə olunan gəlir sayəsində, Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı və müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da, nəticə etibarı ilə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların və konsepsiyaların reallaşmasına şərait yaratdı. "Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün "Əsrin kontraktı" bizim neft sənayemizin inkişafında öz rolunu oynayır", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçısının fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində, bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Bu müqavilə makroiqtisadi və sosial göstəricilərə öz təsirini göstərib. Tarixi reallıqlara, statistik göstəricilərə əsaslanaraq, deyə bilərik ki, neft gəlirləri nəticəsində, baş vermiş iqtisadi sıçrayış əhalinin gəlirlərinin artımasına, yoxsulluğun azaldılmasına və başqa sahələrdə irəliləyişə səbəb oldu. Ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında, xüsusilə də, infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırılmasına diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir.

"YENİ ƏSRİN MÜQAVİLƏSİ"

2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. "Yeni Əsrin müqaviləsi" adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətlərinin rəsmiləri imzalayıblar. Beləliklə, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Yeni Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

AÇG-də böyük ehtiyatlar mövcuddur. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Mütəxəssislərin fikrincə, bu da son rəqəm deyil.

2017-ci il həm də ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu.

Mənbəyini "Əsrin müqaviləsi"ndən götürən zəngin potensialımız Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri davamlı olaraq aparılır. "Əsrin müqaviləsi" məhz Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Bu müqavilə Azərbaycanın dinamik inkişafına öz töhfəsini verir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə