Gizir və miçmanların xidmət müddəti artırılır, hərbi təhsil müddətinə yeni qaydalar tətbiq olunur

Milli Məclis ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkənin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadə edilməsini, eləcə də gizir və miçmanların xidmət müddətinin və qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan dəyişiklikləri ilk oxunuşda təsdiqləyib. SİA -nın verdiyi məlumata görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, dinc dövrdə bütün gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olma müddəti 5 ildir. Yeni dəyişiklik layihəsinə əsasən, xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini və xarici ölkələrin analoji tədris müəssisələrini bitirən gizir və miçmanlar üçün bu müddət 10 il müəyyən edilir. Bu addım onların ixtisaslaşmış bilik və bacarıqlarından daha uzunmüddətli istifadə olunmasına şərait yaradacaq.

Eyni zamanda, hərbi xidmətə qəbul olunacaq şəxslərin tərkibində dəyişiklik təklif olunur. Belə ki, “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsi konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” kimi təqdim edilir.

Qanun layihəsində həmçinin zabitlərin təhsil müddətlərinin hərbi xidmət dövrünə daxil edilməməsi ilə bağlı düzəlişlər də yer alıb. Bu dəyişiklik zabitlərin peşəkar bilik və təcrübələrini artırmaq, onların Silahlı Qüvvələrdə daha uzunmüddətli xidmətini təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, hərbi qulluqçuların təhsil aldıqları müddətdə hərbi vəzifələrini yerinə yetirə bilmədikləri hallarda təhsil müddətində “sərəncamda olma” statusu ilə xidmətlərini davam etdirməsi təklif edilir.

Layihəyə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılma müddətləri də yenidən müəyyənləşdirilib. Birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfə, müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olanların isə 2 ayadək müddətə beş dəfə hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur.

Müzakirələrdən sonra sənəd layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə