"Milli birlik və azadlıq iradəsi Azərbaycanın müstəqilliyinin əsas dayağı oldu" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanın dövlət müstəqilliyinə gedən yolu çoxşaxəli, mürəkkəb və eyni zamanda xalqın azadlıq iradəsi ilə formalaşan tarixi bir proses olub. Bu yol təkcə siyasi hadisələrin ardıcıllığı deyil, həm də xalqın milli özünüdərkinin, birliyinin və dövlətçilik ənənələrinin yenidən bərpası kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, müstəqilliyə aparan prosesin kökləri XX əsrin əvvəllərinə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedib çıxır. Həmin dövrdə azərbaycanlı ziyalıların və ictimai xadimlərin yaratdığı dövlət modeli müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdü. Lakin sovet işğalı bu inkişafı dayandırsa da, azadlıq ideyası xalqın yaddaşından silinmədi: "1980-ci illərin sonlarında SSRİ-nin zəifləməsi, Qarabağda separatizmin artması və Moskvanın ədalətsiz siyasəti xalqın milli oyanışını daha da gücləndirdi. 1990-cı ilin 20 Yanvar faciəsi isə Azərbaycan xalqının müstəqillik yolunda qurbanlar verməkdən çəkinmədiyini göstərdi. Bu hadisə həm də milli birliyin və dövlət müstəqilliyinə olan inamın rəmzinə çevrildi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin bərpası tarixi ədalətin təntənəsi idi. Lakin həmin dövrdə daxili siyasi çəkişmələr və idarəetmədəki qeyri-sabitlik dövlətin dayaqlarını zəiflədir, müstəqilliyin gələcəyini sual altına alırdı. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqillik konseptual əsaslar üzərində möhkəmləndi, dövlətçilik institusional səviyyədə formalaşdı və Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyinin yeni mərhələsini yaşayır. Ölkənin siyasi sabitliyi, iqtisadi gücü və 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə müstəqil dövlətin real gücünü sübut etdi. Azərbaycanın müstəqilliyi artıq sadəcə siyasi status deyil, milli kimliyin, birliyin və suverenliyin daimi rəmzinə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə