Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsini məcburi edib
Milli Məclis moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunmasını ilk oxunuşda təsdiqləyib. SİA-nın verdiyi məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda qeyd olunub ki, qanun layihəsinin əsas məqsədi mopedlərin istifadəsi üzrə tənzimləmələri təkmilləşdirmək, sürücülərin bilik və bacarıqlarını artırmaq və ümumilikdə yol hərəkətinin təhlükəsizliyini gücləndirməkdir.
Layihəyə əsasən, moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması məcburi olacaq. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara sahib olmasını təmin edəcək və yol hərəkəti təhlükəsizliyini yüksəldəcək.
Bundan əlavə, moped anlayışı daha dəqiq müəyyən ediləcək, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Qanun layihəsində həmçinin mopedlərin yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməsi tələbi aradan qaldırılır.
Eyni zamanda, motosiklet və mopedlərin uzunluğu və eni üzrə qabaritlərdən 0,5 metrdən artıq kənara çıxan və ya idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə