Daşkənddə “Özbəkistan-Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin təşkilatçılığı ilə Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsində dövlətlərimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə “Özbəkistan-Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib.

Mərkəzdən SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsi tərəfindən Daşkənd şəhərindəki “Dostluq bağı”nda yaradılmış Milli Mədəni Mərkəzlər Pavilyonunda Özbəkistanda yaşayan müxtəlif xalqlara aid guşələrlə tanış olub, sonra isə sözügedən komitənin foyesində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan-Özbəkistan diplomatik əlaqələrinə həsr edilmiş fotosərgini ziyarət ediblər.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinovun moderatorluğu ilə keçirilən tədbirdə Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsinin sədri Qəhrəman Sarıyev çıxış edərək Özbəkistan-Azərbaycan əlaqələrindən, rəhbərlik etdiyi təşkilat ilə Azərbaycan səfirliyi arasında yaranan xoş münasibətlərdən söz açıb.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi eləcə də Özbəkistanda yaşayan Azərbaycan daspoarısı ilə münasibətlərdən danışan Qəhrəman Sarıyev gələcəkdə birgə həyata keçirəcək layihələri də diqqətə çatdırıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edib. Qeyd edib ki, Özbəkistanla Azərbaycan arasındakı möhkəm bağlar ümumi mədəniyyət, din, dil və mənəvi sərvətlərə dayanır.

Səfir deyib ki, müstəqillik illərində dövlətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə möhkəm əlaqələr qurublar. Dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin müntəzəm görüşləri strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm amilə çevrilib.

Onun sözlərinə görə, bu gün Özbəkistan ilə Azərbaycan ticarət, nəqliyyat, energetika, loqistika, təhsil və mədəniyyət sahələrində uğurla əməkdaşlıq edir. Sənaye və kənd təsərrüfatında birgə layihələr həyata keçirilir, əmtəə dövriyyəsi yüksəlir, regionlar və işgüzar dairələr arasında əlaqələr daha da möhkəmlənir.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli “Azərbaycan və Özbəkistan münasibətlərində xalq diplomatiyası” mövzusunda etdiyi məruzəsində xalq diplomatiyası, mədəniyyətlərarası diplomatiya, təhsil diplomatiyası, gənclər və vətəndaş cəmiyyətləri arasındakı diplomatiya, Türk Dövlətləri çərçivəsində regional diplomatiyadan söz açaraq, iki ölkə arasındakı münasibətlərdə qeyd olunan sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri -tarix elmləri doktoru Azər Adıgözəlov və fəlsəfə üzrə elmlər doktoru, professor Nigina Şermuxammedovanın “Özbəkistan və Azərbaycanın diplomatik münasibətlərinin tarixi və bugünkü dövrdə əhəmiyyəti” və “Özbəkistan-Azərbaycan: tərəfdaşlıq münasibətləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdən sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Özbəkistan-Azərbaycan ədəbi-mədəni münasibətlərində fərqlənən bir qrup şəxsə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən diplomlar, xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvlərinin ifasında milli rəqslərimizdən ibarət kiçik konsert proqramı da təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə