Şimali Kiprdə Türkdilli Ölkələrin 1-ci Beynəlxalq Tibb Konqresi keçirilir
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Türk dünyasının tibb alimlərini bir araya gətirməyi qarşısına məqsəd qoyan Türkdilli Ölkələrin 1-ci Beynəlxalq Tibb Konqresi keçirilir. SİA Şimali Kipr mediasına istinadla xəbər verir ki, Türkdilli Ölkələrin Tibb Birliyi tərəfindən Səhiyyə Elmləri Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Mərmərə Universiteti, Yaxın Şərq Universiteti, Doğu Akdeniz Universiteti, ŞKTC Səhiyyə Nazirliyi və bir çox maraqlı qurumların dəstəyi ilə təşkil edilən konqresin açılış iclası İskele şəhərindəki oteldə təşkil olunub.
Konqresin açılış iclasında ŞKTC səhiyyə naziri Hakan Dinçyürek, Sağlamlıq Elmləri Universitetinin rektoru Kemalettin Aydın və müxtəlif türk ölkələrindən tibb alimləri iştirak ediblər.
Açılışda çıxış edən Dinçyürek konqresin təşkilində əməyi olanlara təşəkkür edib və Türk dünyasının tibb sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, konqresin ilk iclasının Şimali Kiprdə keçirilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “ŞKTC-nin beynəlxalq tibb konqresinə ev sahibliyi etməsindən çox məmnunam”.
Açılış sessiyası ilə bağlı jurnalistlərə açıqlama verən Səhiyyə Elmləri Universitetinin rektoru K.Aydın türkcənin elm və sənət dili olduğunu, Türk dünyasında ortaq elmi dildən istifadə etməyi hədəflədiklərini bildirib. Türk dünyasında bütün sahələrdə olduğu kimi, tibb elmi sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirən rektor əlavə edib: “Türk dünyası Şimali Kiprdə də elm və texnologiya sahələrində inkişafa töhfə verməlidir”.
Açılış sessiyası Türk dünyasının müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan alimlərin məruzələri ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə