“Bu şüar beynəlxalq münasibətlərdə vacib amilə çevrilməlidir“ - Adil Kərimli
“ICAPP-in Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın və Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisidir. Bu il 25 illiyini qeyd edən ICAPP-isəmimi-qəlbdən təbrik edirik”. SİA xəbər verir ki, bu sözləri ICAPP-in Asiya Mədəniyyət Şurasının 4-cü iclasında çıxışı zamanı Mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, 300-dən çox siyasi partiyanı birləşdirən bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır: “Müasir dövrdə siyasi partiyalar cəmiyyətlərin və dövlətlərin həyatında, eləcə də ictimai-siyasi proseslərin formalaşmasında əhəmiyyətli yer tutur.
Yaradıldığı dövrdən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın güclənməsinə töhfə verən Asiya Mədəniyyət Şurasının ilk iclasının yekun sənədində “mədəni dəyərlər beynəlxalq dialoq və əməkdaşlığın mərkəzində dayanmalıdır” fikri xüsusi vurğulanmışdı. Düşünürük ki, bu şüar beynəlxalq münasibətlərdə vacib amilə çevrilməlidir. Müzakirə olunan mövzu təkcə nəzəri çağırış deyil, bəşəriyyətin gələcəyini müəyyən edəcək strateji hədəfdir. Mədəniyyət regional təhlükəsizlikdən tutmuş, dayanıqlı inkişafadək bütün strateji sahələrdə mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə