“Separatçılar layiq olduqları cəzanı alacaq“ - ŞƏRH OLUNDU

“44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki əhalini atəşə tutaraq çoxsaylı hərbi cinayətlər törədib. Bu cinayətlərdən ən dəhşətlilərindən biri 2020-ci il oktyabrın 17-də, gecə saat 01:00 radələrində Gəncə şəhərində baş verib. Həmin vaxt Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirdi. Qədim Gəncə şəhərində isə dinc insanlar növbəti dəfə məqsədli şəkildə hədəfə alınmışdı. Bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulmasından 5 il keçir. 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Hücum zamanı çoxsaylı mülki infrastruktur obyektlərinə, yaşayış binalarına və nəqliyyat vasitələrinə böyük ziyan dəyib. Faktla bağlı həmin dövrdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov qeyd edib ki, bu dəhşətli raket hücumundan dərhal sonra, Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Ermənistanın bu qanlı terroru ilə bağlı bildirib: “Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib”.

Bu fikirlər Azərbaycan dövlətinin ədalətə, humanizmə və beynəlxalq hüquqa sadiqliyini, eyni zamanda, ölkəmizin bütün təxribatlara baxmayaraq, öz haqq mübarizəsini ləyaqətlə apardığını bir daha nümayiş etdirir.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın hərbi birləşmələri münaqişə zamanı beynəlxalq hüquq normalarını pozaraq mülki obyektləri - yaşayış evlərini, xəstəxanaları, məktəbləri və digər infrastrukturunu intensiv atəşə tutub. Bu hücumlar nəticəsində 100-dən çox mülki insan erməni terroru nəticəsində həyatını itirib. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri onlar tərəfindən gecə saatlarında hədəfə alınmışdı. Belə hərəkətlər həm insanlığa qarşı cinayət, həm də müharibə cinayəti xarakteri daşıyır və bu cinayətləri törədənlər dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq çərçivəsində qınanmalıdır.
K.Bayramov əlavə edib ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Ordumuz düşmənin bu vəhşiliyinə layiqli cavab verdi, cinayətkar hərəkətlərə görə haqqı bərpa etdi və Azərbaycanın ərazi bütövlüyünü təmin edərək vətəndaşlarımızın qanının yerdə qalmamasını təmin etdi. Xatırladaq ki, müharibə zamanı Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutunyan Gəncə şəhərinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Hazırda Arutunyan və digər separatçılar, günahsız insanların qatilləri Bakıda həbsxanadadırlar və yaxın zamanda ədalət mühakiməsi qarşısında layiq olduqları cəzanı alacaqlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə