"Azərbaycan xalqı bu hadisələrdən sonra daha da birləşdi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gəncə terroru Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti soyqırım hadisəsi idi. Bu, 2020-ci ilin oktyabr ayının 4-dən 17-nə qədər olan müddətdə Gəncə şəhərinə Ermənistan tərəfindən beş dəfə ballistik raket zərbələrinin endirilməsi ilə həyata keçirilmişdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Gəncə dəfələrlə raket atəşinə məruz qalmışdı: "Bu, Ermənistanın planlı şəkildə düşündüyü bir addım idi. Məqsəd, diqqəti Qarabağ bölgəsindəki hadisələrdən yayındırmaq, Azərbaycanın böyük sənaye şəhərlərindən biri olan Gəncədə yaşayan insanlar arasında qorxu və xaos yaratmaq, kütləvi şəkildə əhalinin köçməsinə səbəb olmaq və ölkədə qarışıqlıq salmaq idi.

Lakin Allah onların arzuladıqlarını onlara nəsib etmədi. Əksinə, Azərbaycan xalqı bu hadisələrdən sonra daha da birləşdi və düşmənə qarşı iradəsini, mübarizə əzmini bir daha nümayiş etdirdi. Gəncə terroru xalqın ruhunu sarsıtmaq əvəzinə, onun qələbəyə olan inamını daha da gücləndirdi. Gələcəkdə də bizim şanlı ordumuzun azad etdiyi Qarabağda bu kimi faciələrin bir daha təkrarlanmaması üçün hər kəs səylə çalışacaq.

Gəncə hadisələri həm Azərbaycanın daxilində, həm də beynəlxalq təşkilatlar səviyyəsində böyük diqqət çəkən hadisələrdən biri oldu. Çünki Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərdə mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilən bu raket hücumları çoxsaylı dinc insanların həlak olmasına və yüzlərlə insanın yaralanmasına səbəb olmuşdu.

Hadisə zamanı çox sayda insan yaralanmış, həlak olanlar olmuşdu. Bu baxımdan, Gəncə terroru beynəlxalq səviyyədə diqqət çəkən ən vacib hadisələrdən biri idi. O dövrdə Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri Gəncəyə gələrək zərbə endirilən ərazilərə baxış keçirmişdilər. Onlar Ermənistanın mülki əhaliyə qarşı törətdiyi bu vandalizm aktını öz gözləri ilə görərək, baş verənlər haqqında obyektiv fikir formalaşdıra bilmişdilər.

Ümumilikdə demək olar ki, Gəncə hadisələri Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə beynəlxalq ictimaiyyətdə real təsəvvür yaranmasına səbəb olan ən mühüm hadisələrdən biri kimi tarixə düşdü".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə