Qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması Milli Məclisdə təsdiqlənib

Milli Məclisin bugünkü plenar iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın verdiyi məlumata görə, sənəd regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində milli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

İclasda qeyd edilib ki, Prezident İlham Əliyevin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, milli akkreditasiya sistemi ISO/IEC17011 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılır. Bu çərçivədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi həm Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlıq Təşkilatına (ILAC), həm də Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) tamhüquqlu üzv qəbul edilib.

Bu üzvlüklər nəticəsində beynəlxalq tələblərə uyğunlaşdırma zərurəti yaranıb. Yeni qanun layihəsinə əsasən, uyğunluğu qiymətləndirən qurumların səlahiyyət dairəsi genişləndirilir, həmçinin səriştəlilik sınaqları təminatçıları, validasiya və verifikasiya orqanları da bu kateqoriyaya daxil edilir. Bununla bağlı qanuna yeni anlayışlar – səriştəlilik sınağı, validasiya və verifikasiya – əlavə olunur. Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Standartlaşdırma haqqında” qanunlara müvafiq düzəlişlər nəzərdə tutulur.

Qeyd olunub ki, bu dəyişikliklər akkreditasiya sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, eləcə də akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən sertifikat və sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə