"Gəncəyə endirilmiş raket zərbəsi yalnız hücum deyil,..." - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu gün Ermənistanın 2020-ci il Vətən müharibəsi zamanı Gəncəyə raket zərbəsi endirərək mülki əhalini hədəf aldığı terror aktından 5 il keçir. Beynəlxalq humanitar hüquq baxımından bu hadisə müəyyən qaydalar çərçivəsində qətiyyətlə qınanmalıdır, çünki mülki əhalini hədəf almaq hərbi əməliyyatlarda qadağan edilmiş ən ciddi pozuntulardan biridir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokollar bu cür hərəkətləri müharibə cinayəti və insanlıq əleyhinə cinayət kateqoriyasına daxil edir. Hər hansı bir döyüş əməliyyatında mülki şəxslərə qarşı məqsədli zərbə endirmək beynəlxalq hüquq normalarına ziddir və bu, həm ərazi bütövlüyünə, həm də insan həyatının toxunulmazlığına birbaşa təhdiddir: "Bu tip cinayətlərin cəzasız qalması isə çox ciddi nəticələr doğurur. Birincisi, regionda təhlükəsizlik mühiti ardıcıl olaraq zəifləyir, çünki mülki əhaliyə qarşı törədilmiş hər hansı bir cinayət beynəlxalq cəmiyyətdə lazımi dəyərləndirmə almadıqda, bunun təkrarlanma ehtimalı artır. İkincisi, belə hadisələr münaqişələrin həllini və sülh proseslərini ləngidir, tərəflər arasında etimadsızlıq yaradır və gələcəkdə qarşılıqlı təxribatların artmasına səbəb olur. Üçüncüsü, cəzasızlıq mülki əhalini qoruyan beynəlxalq hüquq sisteminə inamı sarsıdır və region dövlətlərinin müdafiə siyasətini dəyişməyə məcbur edir, yəni hərbi hazırlıq və strateji mövqelər daha sərt, daha riskli formaya keçə bilər. Azərbaycan bu hadisənin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi və müvafiq beynəlxalq təşkilatlarda qaldırılması üçün ciddi diplomatik addımlar atıb. Bu, həm də gələcəkdə regionda oxşar hərəkətlərin qarşısını almaq üçün önləyici təsir göstərir. Hərbi ekspert kimi qeyd etmək istəyirəm ki, mülki əhaliyə qarşı məqsədli zərbələrin unudulmaması və beynəlxalq cəza mexanizmlərinin işə salınması stabil təhlükəsizlik və sülhün qorunması baxımından həyati əhəmiyyətlidir.
Gəncəyə endirilmiş raket zərbəsi yalnız hücum deyil, həm də beynəlxalq hüququn kobud pozuntusudur. Bu kimi hərəkətlər cəzasız qalarsa, gələcəkdə regionda həm müharibə riskləri, həm də terror və təxribat hadisələri artacaq, bu da bütün dövlətlərin və mülki əhalinin təhlükəsizliyini ciddi şəkildə təhdid edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə