“Böyük Qayıdış” Azərbaycanın milli iradə prinsipini reallıqda həyata keçirdiyini göstərir - ŞƏRH OLUNDU

““Böyük Qayıdış” proqramı təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı sosial-humanitar təşəbbüs deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi və siyasi gücünün artması baxımından strateji əhəmiyyətə malik bir prosesdir. Bu proqram Azərbaycanın 2020-ci il müharibəsindən sonra bərpa etdiyi ərazi bütövlüyünü sülh, inkişaf və reinteqrasiya gündəliyi ilə tamamladığını nümayiş etdirir. Məhz bu amil ölkəmizin beynəlxalq müstəvidə münaqişə sonrası model ölkə kimi təqdim olunmasına şərait yaradır. Dünya ictimaiyyəti üçün “Böyük Qayıdış” Azərbaycanın hərbi qələbəni infrastruktur, sosial ədalət və multikultural inkişafla tamamlayan dövlət olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, proqram çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri — xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji zonası” layihələri — Azərbaycanın müasir dövlətçilik və innovativ idarəetmə potensialını nümayiş etdirir: “Bu, həm beynəlxalq investisiya mühitini cəlb edir, həm də ölkənin texnoloji tərəqqiyə və dayanıqlı inkişafa yönəlik imicini gücləndirir. Azərbaycan bu layihələrlə Cənubi Qafqazda yeni iqtisadi və ekoloji model formalaşdırır ki, bu da ölkənin regional liderliyini və diplomatik çəkisini artırır.

Siyasi baxımdan “Böyük Qayıdış” Azərbaycanın suverenlik və milli iradə prinsipini reallıqda həyata keçirdiyini göstərir. Əhalinin doğma torpaqlara könüllü və təhlükəsiz şəkildə qayıtması, dövlətin mərkəzləşdirilmiş şəkildə infrastruktur və təhlükəsizlik təminatı qurması ölkənin idarəetmə modelinə olan beynəlxalq etimadı artırır. Bu, Azərbaycanın həm regional təşkilatlarda, həm də beynəlxalq platformalarda mövqelərini gücləndirir, sülh quruculuğu sahəsində nümunəvi təcrübə kimi təqdim olunur.

Nəticə etibarilə, “Böyük Qayıdış” proqramı Azərbaycanın siyasi, diplomatik və iqtisadi təsir gücünü artırmaqla yanaşı, ölkəni postmünaqişə dövründə sabitlik, inkişaf və humanizm dəyərlərini təşviq edən əsas aktora çevirir. Bu, həm regionda yeni reallıqların formalaşmasına, həm də Azərbaycanın beynəlxalq aləmdə sabitlik, bərpa və sülhün sinonimi kimi tanınmasına mühüm töhfə verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə