Hakimlərin xidməti vəsiqəsi bundan sonra Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiqlənəcək
Milli Məclisin bugünkü plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişikliklər müzakirə olunaraq birinci oxunuşda qəbul edilib. SİA-nın verdiyi məlumata görə, dəyişikliklərə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsi və onun təqdim olunması forması bundan sonra Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək və Şura sədri tərəfindən təqdim olunacaq.
Layihənin məqsədi məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərini daha aydın şəkildə müəyyənləşdirməkdir. Beləliklə, hakimlərin xidməti vəsiqələrinin təsvirinin və nümunəsinin vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə” uzun illər qüvvədə olub və həmin sənədlə vəsiqələrin forması və məzmunu müəyyən edilirdi. 2011-ci ildə edilən dəyişikliklərlə vəsiqə nümunələrinin təsdiq edilməsi səlahiyyəti Məhkəmə-Hüquq Şurasına verilsə də, mövcud Əsasnamə qüvvədə qaldığından Şura həmin sənəddəki tələblərdən kənara çıxa bilmirdi.
Bu dəyişikliklərlə məhkəmə instansiyalarında hakim vəsiqələrinin təqdim olunması qaydasında mövcud fərqlər aradan qaldırılacaq və vahid yanaşma tətbiq ediləcək. Layihəyə əsasən, “Hakimlərin xidməti vəsiqəsi haqqında” qanun və eyniadlı Əsasnamə ləğv olunacaq.
Eyni yanaşma daha əvvəl prokurorluq orqanlarında da tətbiq edilmişdi. Belə ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanun ləğv edilib və bu vəsiqələrin nümunələrinin təsdiqi səlahiyyəti Azərbaycanın Baş prokuroruna həvalə olunub.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə