"ICAPP-nin Asiya Mədəniyyət Şurasının 4-cü iclasının keçirilməsində mənəvi haqqımız var" - RƏYLƏR
Bu gün Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilir. İclas Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilir, tədbirdə yerli və xarici qonaqlar, dövlət adamları, deputatlar iştirak edir.
SİA tədbir iştirakçıları arasında iclasın əhəmiyyəti ilə bağlı keçirdiyi sorğunu təqdim edir:
Millət vəkili Aydın Mirzəzadə: “Azərbaycan Asiya Siyasi Partiyalar Təşkilatının üzvüdür və bu təşkilatın tədbirlərində fəal iştirak edir. Təşkilatın Mədəniyyət Şurasının Azərbaycanda keçirilməsi birincisi təşkilat üzvlərinin mədəniyyətin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində fikir mübadiləsinə gətirib çıxaracaq. Eyni zamanda tərəflər biri-birinin mədəniyyət təcrübəsi ilə tanış olacaqlar. Azərbaycanın dünyaya göstərməyə kifayət qədər zəngin mədəniyyəti və mədəniyyətə dövlət qayğısı var. Cənab Prezident İlham Əliyev və hörmətli vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətin inkişafına böyük diqqət göstərir. Bu baxımdan tədbirdə çox sayda xarici qonaqların iştirakı Azərbaycan mədəniyyətinin də tanıdılmasında böyük rol oynayacaq. Bir neçə xarici nümayəndələrlə söhbətləşdikdə, onlar Bakının gözəlliyindən, Azərbaycandakı yeniliklərdən, qədim tarixi mədəniyyətin saxlanmasında dövlətin rolundan ağız dolusu danışırdılar. Belə bir söz var ki, insanları mədəniyyət birləşdirir. Hesab edirəm ki, bu işə biz ciddi töhfə veririk”.
Millət vəkili Elman Nəsirov: “Azərbaycanın paytaxtında çox mühüm tədbir keçirilir. Bu ICAPP-ın Mədəniyyət Şurasının 4-cü iclasıdır. Bu iclasın keçirilməsinin əhəmiyyəti ondadır ki, burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə edilir. Bu tədbirin Azərbaycanda keçirilməsində mənəvi haqqımız var. Çünki Azərbaycan bu gün dünyaya tək neft və qaz ixrac etmir, eyni zamanda birgə yaşayış mədəniyyəti, multikultural dəyərlərin ixracı ilə məşğuluq. Həmçinin dövlətimiz COP29-a ev sahibliyi etməklə qlobal Şimal ilə qlobal Cənub arasında körpü rolunu oynadı.
Qeyd etməliyik ki, multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Eyni zamanda gələcəyimizin təminatı, zənginliyimizin göstəricisidir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan tədbir, həmçinin ölkə başçısı cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti bu sahəyə böyük ehtiyac olduğunu göstərir”.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: “Bu gün ICAPP-ın Mədəniyyət Şurasının 4-cü iclası Bakı şəhərində keçirilir və təşkilata üzv olan siyasi partiyaların nümayəndələri ölkəmizdə bir araya gəliblər. Bu artıq Azərbaycanda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə ICAPP-ın həyata keçirilən növbəti tədbiridir. Bu tədbirlərin keçirilməsi ICAPP-a üzv olan dövlətlərlə Azərbaycan arasında, istərsə də siyasi partiyalar arasında mədəniyyət sahəsində əlaqələrin formalaşması baxımından çox önəmlidir. Bu tədbir nəticəsində partiyalar arasında daha sıx əlaqələrin yaranması üçün yeni imkanlar müzakirə olunacaq və bu imkanlar gələcək yeni əməkdaşlıqlara töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə