"Antiterror əməliyyatları unikal əməliyyatdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bir il əvvəl həyata keçirilən antiterror əməliyyatları Azərbaycan ordusunun zəfər tarixində xüsusi əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan öz ərazilərində seperatizmin tamamilə kökünü kəsməyə nail oldu: "Əməliyyatlar zamanı bir gün ərzində 13 istiqamətdən kiçik qruplarla düşmən mövqelərinə yaxınlaşan ordumuz 1000-ə yaxın düşmənin canlı qüvvəsini 65-dən çox zirehli və zirehsiz vasitəsini, çox sayda hava hücumundan müdafiə və radioelektron mübarizə komplekslərini sıradan çıxardı. Bir gündən də az bir müddətdə 400 km²-dən çox ərazi tamamilə Azərbaycanın nəzarətinə keçdi. Ərazidə mövcud olan 15 mindən çox erməni silahlısı silahlarını Azərbaycana təhvil verərək təslim oldular. Milyard dollarlarla silah-sursatlara, texnika, avadanlıq və vasitələrə malik olan Ermənistan ordusunun Azərbaycan ərazilərində mövcudluğuna son qoyan bu əməliyyatlar nəticəsində bir nəfər də olsun mülki vətəndaş və mülki obyekt ziyan görmədi. Məhz Azərbaycan ordusunun göstərdiyi yüksək peşəkarlıq və qəhrəmanlıq nəticəsində Azərbaycan müstəqil tarixində ilk dəfə olaraq bütün ərazilərində suverenliyini təmin etdi.
Antiterror əməliyyatları unikal əməliyyatdır. Çünki dünyada buna bənzər və yüksək həssaslıqla həyata keçirilən döyüş əməliyyatı ilə biz rastlaşmamışıq. Nəticə etibarilə bu əməliyyat seperatizmdən əziyyət çəkən ölkələr üçün nümunəvi əməliyyatdır. Hesab edirəm ki, gələcəkdə hələ bu əməliyyatların məlum olmayan detalları ilə də tanış olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə