"Azərbaycan və İranı bir çox vacib tellər bağlayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İran və Azərbaycan münasibətləri qədim tarixə söykənir. İran cənubda bizim yaxın qonşumuzdur, böyük dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, Azərbaycan və İranı bir çox vacib tellər bir-birinə bağlayır: "Bu, qədim köklərdir, din əlaqələridir, ortaq mədəni dəyərlərdir. İllərdir ki, bu tarix yaşayır. Münasibətlərimiz həmişə rəvan olmasa da, çox vacib məqamlarda bu iki dövlət bir çox məsələlərdə ortaq məxrəcə gələ biliblər, anlaşıblar. Son illərdə İranla bir çox məsələlərdə siyasi proseslər və s. narahatçılıqlar da baş verdi. Bu, səfirliyimizə qarşı olan terror hərəkətləridir. Qarabağ məsələsində İranın mövqeyi və digər məsələlər var idi, amma dövlət ənənələri və əsasən də, Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti, təmkini, qətiyyəti vacib anlarda çox doğru, düzgün qərarlar verməsi, İran siyasi rəhbərliyinin də belə məsələlərdə anlayışlı olması təbii olaraq bizi çətin sınaqlardan daha üzü ağ çıxardı".

"Vertolyot qəzasında həlak olan İran Prezidenti ilə sərhəddə cənab Prezidentin görüşü, orada çox tarixi qərarların alınması düşünürük ki, hər iki ölkənin perspektiv planlarında, qarşılıqlı həm siyasi, həm iqtisadi əlaqələrimizə yeni təkan verə biləcək. Bir neçə gün əvvəl Məsud Pezeşkianın İran Prezidenti seçilməsi əlaqələrimizdə yeni dövrün başlanğıcı kimi də qeyd oluna bilər. Cənab İlham Əliyev öz təbrik məktubunda İranın yeni seçilmiş Prezidentinə iki ölkə arasındakı münasibətlərin dərin kökləri barəsində fikir söyləməsi, çox vacib məsələlərin həllində ortaq məxrəcə gəlinməsi və bir çox vacib iqtisadi-siyasi, hərbi məsələlərdə çox yaxın və yaxşı qonşuluq əlaqələrimizin inkişaf etdirilməsi, bölgədə sabitliyin əldə olunması üçün hər iki ölkənin belə məsələlərdə həssas yanaşması düşünürük ki, ortaq dəyərlərimizin də olduğunu göstərir. Pezeşkianın seçki öncəsi verdiyi vədlərdə həm İran üçün, həm qlobal siyasət üçün, həm bölgəmiz üçün çox müsbət irəliləyişlər olacağına işarə verib. Təbii olaraq məsələ zamanla daha aydın bilinəcək. Amma əsas odur ki, iki ölkə arasındakı soyuq münasibətlər son zamanlar istiləşməyə başlayıb. Bir çox məsələlərdə, bir çox işlərdə çox yaxşı irəliləyişlər əldə olunub. Hətta iki ölkənin hərbiçiləri ortaq təlimlər də keçirdilər. Qonşu ölkələr olaraq bir çox ortaq dəyərlərimizin olması bizi daha çox bir yerdə olmağa, daha çox bölgənin taleyi ilə bağlı olan məsələlərdə biganə qalmamağa, dəyərləri bölüşməyimizi özündə ehtiva edir. Düşünürük ki, Azərbaycan və İran münasibətləri zaman ötdükcə daha da geniş inkişaf edəcək, strateji dostluq əlaqələrimiz günbəgün artacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə